İqtisadçı: “Qeyri-neft sektorundan gələn gəlirlərin payı artır” AÇIQLAMA

13 Aprel 2016 10:58 (UTC+04:00)

"Cənab İlham Əliyev tərəfindən birinci rübün yekunları ilə bağlı keçirilən iclas məhsuldarlığı ilə seçildi. Xüsusilə 2016-cı ilin dərin iqtisadi islahatlar ili olacağını vurğulanması ölkə başçısının bu il üçün daha ciddi nailiyyətlər və dünya bazarında neftin qiymətinin düşməsi fonunda daha ciddi islahatlara getməsi anlamını verir. Xüsusilə qeyri-neft sektoru üzrə yanvar-fevral aylarının statistikasına baxsaq müəyyən azalmalar mövcuddur. Bud a təbii ki, neftin dünya bazarında qiymətinin 3 dəfə yaxın düşməsi ilə bağlıdır". Bunu SİA-ya iqtisadçı Nicat Hacızadə deyib.

Onun sözlərinə görə, aparılan yeni islahatlar nəticəsində qeyri-neft sektorundan gələn gəlirlərin payı artmaqda davam edir: "Təbii ki, yanvar-fevral aylarında, 7 888,7 milyon AZN və qeyri neftin ÜDM payının 5 268,7 milyon AZN olmasına baxsaq müvafiq olaraq 3.2% və 6.5% azalma müşahidə edilib. Sənaye məhsullarında 0.1% azalma olsada qeyri neft təyinatlı məhsullarda isə 4,5% artım müşahidə olunub. Ümumilikdə bu azalmalar hər bir neqativ bir prosesi əks etdirmir. Qeyri-neft sektorunun inkişafı mərhələsində qısa zamanda 4,5% artım yaxşı haldır. Biz inanırıq ki, səlahiyyət sahibi məmurlar Azərbaycan Prezidentinin əmr və tapşırıqlarına məsuliyyətlə, səmərəli və şəffaf şəkildə əməl edəcəklər və yalnız biz bu halda 2016-cı ilin sonunu daha yüksək artım faizləri ilə müşahidə edə bilərik".