Test üsulu saxlanılacaqmı?

13 Aprel 2016 04:25 (UTC+04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) və Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın ləğv edilərək əvəzində Dövlət İmtahan Mərkəzinin yaradılması bir sıra sualları da aktuallaşdırdı. Sənəd qəbulu necə aparılacaq, test üsulu saxlanılacaqmı, və ən əsası yeni qurum bu sahədə nələri dəyişəcək?

İlk növbədə qeyd edək ki, abituriyentlərin narahatlığına əsas yoxdur. Sənəd qəbulu əvvəlki qayda ilə davam edəcək, test üsulu da saxlanılacaq. İmtahanların keçirilməsi, mahiyyəti, abituriyentlərin imtahanlara hazırlıq prosesi ilə əlaqədar dəyişikliklər olmayacaq. Dövlət qulluğuna qəbulun müsabiqə əsasında həyata keçirilməsi prosesi də qüvvədə qalır. Yeni qurumun fəaliyyətinə gəlincə, mütəxəssislər yeniliyin bu sistemi daha da təkmilləşdirəcəyini deyirlər.

Yeni Mərkəz orta ixtisas təhsili müəssisələrinə, ali təhsilin bakalavriat və magistratura səviyyələrinə ixtisaslar üzrə qəbul imtahanları keçirilən fənləri və keçid ballarını, o cümlədən ümumi təhsil müəssisələrində buraxılış imtahanları keçirilən fənləri Təhsil Nazirliyi ilə razılaşdırmaqla müəyyən edəcək.

Mərkəz həmçinin ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsini, orta ixtisas və ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) magistratura səviyyəsinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunu həyata keçirəcək. Mərkəzin hüquqlarından biri dövlət orqanlarından vakant olan dövlət qulluğu vəzifələrinin siyahılarını tələb etmək olacaq.