"Qırmızı bağ" bədii filminin təqdimat mərasimi keçirilib

12 Aprel 2016 21:44 (UTC+04:00)

Nizami Kino Mərkəzində "Qırmızı bağ" bədii filminin təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, ekran əsəri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında və Rusiyanın "WeiT Media" kino şirkətində istehsal olunub.

Mərasimdə yaradıcı heyət, incəsənət xadimləri və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdən öncə Vətən yolunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov filmin ərsəyə gəlməsində dəstək olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə və "WeiT Media"nın rəhbəri Timur Vaynşteynə təşəkkür edib: "Bu gün Azərbaycan kinematoqrafiya tarixində əlamətdar günlərdən biridir. Belə filmlərin təqdimatı kinomuzun inkişafının göstəricisidir. Bizim yerli filmlərimiz bir çox ölkələrdə nümayiş olunur, beynəlxalq festivallarda iştirak edir. Artıq prokat sahəsində də uğurlar müşahidə olunur. Bildiyiniz kimi, bu gün Milli Məclisin Mədəniyyət Komitəsinin növbəti iclasında Azərbaycan kino sənayesinin gələcəyi, kinostudiyanın fəaliyyəti haqqında geniş müzakirə aparılıb. Qarşıda bizi yeni uğurlar gözləyir. Ümid edirəm ki, belə filmlərin təqdimatı davamlı xarakter alacaq".

Ekran əsərinin ssenari müəllifi və rejissoru Mirbala Səlimli bildirib ki, film ərsəyə gələnə kimi yaradıcı kollektivlə çox uzun, keşməkeşli yol qət edilib: "Filmin ssenarisini hələ 13 il bundan öncə yazmağa başlamışdım. Lakin çəkiliş müddəti öncədən planlaşdırılmamışdır. Biz ssenarini "WeiT Media"nın direktoru Timur Vaynşteynə təqdim edəndə o, filmin kommersiya xarakteri daşımadığına baxmayaraq, ki, tərəddüdsüz şəkildə dəstək olmağa razılıq verdi. Filmin çəkilişini dəfələrlə yarımçıq qoymağa məcbur olduq. Lakin mədəniyyət və turizm naziri Əbülfəs Qarayev öz köməkliyini bizdən əsirgəmədi. Nəticədə, ekran işi beş ilə tamamlandı. İnanıram ki, yaradıcı kollektivin uzun müddətli əməyi yüksək dəyərləndiriləcək".

Daha sonra film nümayiş olunub.

Qeyd edək ki, ekran əsərinin ssenari müəllifi və quruluşçu rejissoru Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov, Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov və Timur Vaynşteyndir.

Ekran işində baş rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev canlandırıblar.

"Qırmızı bağ" bədii filmi vaxtı ilə babaları bəy olmuş, özü isə müəllim işləyən insanın həyatından danışır.

Kubra Bayramova