"Bölgələrdən Paytaxta"nın Qusara həsr olunan tədbiri keçirilib

11 Aprel 2016 21:15 (UTC+04:00)

Bu gün Gənc Tamaşaçılar Teatrında Mədəniyyət və Turizm Nazirliyinin, Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Qusar Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Bakı sakinlərini Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı, mədəni irsi, adət-ənənələri, turizm imkanları ilə tanış edən "Bölgələrdən paytaxta" layihəsinin Qusara həsr olunan təqdimatı keçirilib. SİA-nın verdiyi xəbərə görə, qonaqlar öncə teatrın foyesində Qusar rayonunun tarixi-mədəni irsini, sosial-iqtisadi nailiyyətlərini, təbiətini əks etdirən sərgi, həmçinin, rayonda istehsal olunan ərzaq və kənd təsərrüfatı məhsulları, dekorativ-tətbiqi sənət ustalarının əl işləri, yerli mətbəx nümunələri, Qusar haqqında nəşrlərlə tanış olublar.

Tədbir uşaqlardan ibarət xor kollektivinin ifası ilə başlayıb.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə bütün xalqların tarixinə və mədəniyyətinə hörmət olunduğunu vurğulayıb: "Bu gün "Bölgələrdən paytaxta" layihəsinin XII təqdimatı gerçəkləşir. Azərbaycanın ümumi mədəniyyət tarixinin formalaşmasında hər bir xalqın mədəni dəyərinin rolu böyükdür. Növbəti layihə də mədəniyyətlər toplusu olan Qusara həsr olunub. Bu şəhər həmçinin, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tədbiq edilən "Xalq Yaradıcılığı Paytaxtları" Proqramı çərçivəsində 2016-cı il üçün "Azərbaycanın Folklor Paytaxtı" seçilib. Bildiyiniz kimi, ölkə başçısı Cənab İlham Əliyevin sərəncamına əsasən, bu il "multikulturalizm ili" elan olunub. Qusar özündə multikultural ənənələri ehtiva edən şəhərdir.

Xüsusilə qeyd edim ki, ölkəmiz aprelin sonunda çox əhəmiyyətli bir layihəyə-BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi edəcək. Nəticədə, 3000-ə yaxın qonağın qarşısına çıxmağa hazırlaşırıq. Bugünkü tədbir də forumdan öncə keçirilən sonuncu təqdimatdır. Bununla da, multikulturalizmə qapı açılır. Bizi qarşıda daha böyük layihələr gözləyir".

Qusar rayon icra hakimiyyətinin başçısı Şair Alxasov isə çıxışında təqdimatın əhəmiyyətindən danışıb: "Bu təqdimatlar bu gün Azərbaycan mədəniyyətinin nə qədər zəngin olduğunu bütün dünyaya təqdim edir. "Bölgələrdən Paytaxta" layihəsi bizə Qusar rayonunun tarixini, mədəniyyətini, mənəvi irsini, mətbəxini, təsərrüfatını və iqtisadi potensialını nümayiş etdirməyə imkan verir. Ölkə başçımız cənab İlham Əliyev öz siyasi fəaliyyətində daim Qusarın inkişaf etdirilməsi istiqamətində diqqətini əsirgəməyib. Hazırda, şəhərimizdə böyük infrastruktur işləri görülüb. Heydər Əliyev Mərkəzi, Bayraq Meydanı, tarix-diyarşünaslıq muzeyi, rəsm qalereyası, mədəniyyət müəssisələri bu işlərin əyani sübutudur. Biz daim multikultural ənənələrə cavab verməyə çalışmışıq, daim bütün xalqlarla birgə sıx mədəni-sosial əlaqədə olmuşuq. Bu ənənəni hər zaman davam etdirməyə çalışacayıq".

Çıxışlardan sonra cənab nazir tərəfindən Şair Alxasova diplom, həmçinin, icra başçısı tərəfindən Əbülfəs Qarayevə Qusarın təbiətini təsvir edən tablolar və xalça hədiyyə edilib.

Sonra Qusarın tarixi və mədəniyyətinə həsr olunan film nümayiş olunub.

Qeyd edək ki, tədbir Qusar rayon bədii kollektivlərin, incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib.

Kubra Bayramova