Mağazada partlayış baş verdi FOTO

11 Aprel 2016 17:29 (UTC+04:00)

Bu gün Şəmkir rayonunun Yeni həyat kəndində vətəndaşa məxsus tikinti materialları mağazasının anbarında səhər saatlarında partlayış baş verib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, nəticədə mağazada çalışan Şəki rayon sakini 50 yaşlı Laçın Adamov ağır yanıq xəsarəti alıb. Dərhal Şəmkir Mərkəzi Rayon xəstəxanasına çatdırılan yaralıya bədənin 50 faizinin texniki yanığı diaqnozu qoyulub. Vəziyyəti ağır olduğundan Laçın Adamov Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına göndərilib.

Obyekt sahibi Nurəddin Orucovun sözlərinə görə, ötən gün Şəkidən Şəmkirə işləmək məqsədi ilə gələn Laçın Adamov qalmağa yeri olmadığından 1 gecəlik yardımçı tikilidə qalmağı xahiş edib. Tikilinin yaxınlığından keçərək kəndə gedən qaz xəttində sızma nəticəsində otağa dolan qaz işığın yandırılması nəticəsində partlayışa səbəb olub. Hadisə yerinə çağırılan yanğınsöndürmə briqadası alovun yayılmasının qarşısını alıb.

Qeyd edək ki, fakt Şəmkir rayon hüquq mühafizə orqanları tərəfindən araşdırılır.

İlham Məmmədzadə