Ermənistan Azərbaycanın silahlanmasından qorxuya düşüb

11 Aprel 2016 15:21 (UTC+04:00)

Ermənistan aprelin 2-də cəbhədə törətdiyi təxribatı nəticəsində düçar olduğu uğursuzluğunu hər zaman olduğu kimi kiminsə üzərinə yıxmağa çalışır. İlk günlərdə cəbhədə baş verənlərlə bağlı yalan məlumatlar yayaraq cəmiyyətin fikirlərinə təzyiq etməyə cəhd edən düşmən tərəf indidə günahı Rusiyaya, daha dəqiq desək Rusiyanın Azərbaycana silah satmasının üzərinə atmağa çalışır.

Aprelin 9-da Rusiyanın baş naziri Dmitri Medvedevin "Rossiya 1" kanalına müsahibə verərkən bildirdi ki, əgər Rusiya Azərbaycana silah satışını dayandırarsa, bu yer boş qalmayacaq: "Azərbaycan başqa ölkədən heç də bizdən alınan silahlardan geri qalmayacaq silahlar alacaq".

Görünür Rusiyanın baş nazirinin söylədikləri fikirlər Ermənistanı yaman narahat etməyə başlayıb. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, Ermənistanın hakim partiyasından seçilmiş millət vəkili Gagik Minasyan bu gün keçirdiyi mətbuat konfransında Rusiyanın Azərbaycan silah satmasından narahatlığını dilə gətirib.

O, son günlər cəbhədə baş verənlərdə Rusiyanı günahlandırıb. Millət vəkili Rusiyadan 200 milyon dollar dəyərində aldıqları silahın guya bilinməyən səbəblərə görə gecikdiyini vurğulayıb. O həmin silahların çoxdan ölkəsində olmalı olduğunu qeyd edib.

Millət vəkili mətbuat konfransında Azərbaycanın ordusunun güclü olduğunu etiraf edib. O bildirib ki, Azərbaycan ordusu müasir və çox güclü silahla təmin edilib.

Rusiyanın Azərbaycana silah satmasına qarşı çıxan erməni deputat Azərbaycanın silahlanmasının həm Ermənistana, həm də Rusiyaya ziyan gətirəcəyini dilə gətirib.