Qlobal Forumun proqramı və iştirakçılarının siyahısı açıqlanıb

11 Aprel 2016 15:13 (UTC+04:00)

Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunun proqramı və iştirakçılarının siyahısı açıqlanıb. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, aprelin 25-dən 27-dək paytaxt Bakının ev sahibliyi edəcəyi BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda təxminən, 2500 nəfərin iştirakı nəzərdə tutulur. Forum iştirakçıları arasında dövlət başçıları, hökumət rəsmiləri, vətəndaş cəmiyyətlərinin nümayəndələri, dini və gənc liderlər də olacaq. Onlar "İnklüziv cəmiyyətlərdə birgə yaşayış: çağırışlar və məqsədləri" mövzusunda müzakirələr aparacaqlar. Forum çərçivəsində 2 plenar və 16 bölmə iclası keçiriləcək. İclaslarda ekspertlər inklüziv cəmiyyətlərə mane olan mövcud problemlər, ekstremizmin qarşısının alınmasına dair fikir mübadiləsi aparacaqlar.

Sessiyalarda Avstraliyanın keçmiş baş naziri Kevin Radd, İspaniyanın sabiq baş naziri Xose Luis Rodriges Sapatero, Fransanın keçmiş baş naziri Dominik de Villpen, Sloveniyanın sabiq prezidenti Danilo Türk, dini lider və İslam alimi şeyx Abdalla bin Baya, ötən illərin məşhur fransız futbolçusu Kristian Karambönün iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində, həmçinin, aprelin 25-də 110 ölkədən təxminən, 150 nəfərin iştirakı ilə Gənclər forumu da təşkil ediləcək.