Politoloq: "Rusiya Azərbaycanın haqqının bərpa olunmasına çalışacaq" AÇIQLAMA

11 Aprel 2016 14:37 (UTC+04:00)

"Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində daima prinsipal mövqe nümayiş etdirib və hazırda da bu mövqeyini davam etdirir". Bunu SİA-ya açıqlamasında professor, politoloq Rüstəm Məmmədov deyib.

Politoloq bildirib ki, erməni tarixən özünü qalib kimi aparıb: "Lakin cəbhədə baş verən son hadisələr onu göstərdi ki, erməni heç də qalib deyil və Azərbaycan ordusu qarşısında hər zaman məğlub ola bilər. Bundan sonra Ermənistan tərəfinin danışmağa nə haqqı, nə də sözü olmamalıdır" .

Azərbaycanın güclü orduya malik olduğunu dilə gətirən R. Məmmədov söyləyib ki, cəbhədə baş verən son hadisələr Azərbaycan ordusunun hər zaman düşmənə qalib gəlməyə hazır olduğunu bir daha nümayiş etdirdi: "Azərbaycanın sözü ilə hərəkəti eynidir. Azərbaycan tərəfi sülh danışıqlarına sadiq olduğunu dəfələrlə nümayiş etdirib. Cəbhədə baş verənlər Ermənistan tərəfinin təxribatlarının qarşısının alınmaq məqsədi daşıyırdı".

Politoloqun fikrincə, Rusiya məcbur olub Azərbaycanın haqqının bərpa olunmasına çalışacaq: "Cəbhədə baş verənlərdən sonra Rusiya vasitəçilik etməyə başladı. Onlar cəbhədə atəşkəs rejiminin bərpa olunmasının vacibliyini vurğulayaraq hər iki tərəfə müraciət etdilər. Əgər Azərbaycan Rusiyanın sözünü qəbul edib bu rejimə razılıq verdisə, demək ki, Rusiya da müvafiq olaraq münaqişənin həlli istiqamətində üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Əgər Rusiya hər hansı addım atmazsa, bu, onların sözünə sadiq olmadıqlarını göstərmiş olacaq. Belə olan halda, bir daha Rusiyanın sözünə məhəl qoyulmayacaq. Düşünürəm ki, Rusiya Ermənistanı stol arxasına oturdub, imza atdıracaq".