Millət vəkili: "Sosial mənzillərin tikintisi əhalinin rifah halını yüksəldəcək" AÇIQLAMA

11 Aprel 2016 12:48 (UTC+04:00)

"Dövlət tərəfindən sosial mənzillərin inşa edilməsi Azərbaycan əhalisi üçün çox böyük güzəşt və yardımdır". Bunu SİA-ya açıqlamasında millət vəkili Aytən Mustafayeva deyib.

Deputat qeyd edib ki, sosial mənzillərin inşası xüsusən gənc, aztəminatlı, əlil, şəhid ailələri üçün böyük dəstək olacaq. O vurğulayıb ki, belə güzəştli layihələr dövlətimiz tərəfindən hərbçilər, digər peşə sahibləri, əlillər və başqaları üçün həyata keçirilib: "Ancaq indi dövlət tərəfindən geniş şəkildə ölkənin hər bir şəhər və rayonunda sosial mənzillərin tikintisi əhalinin rifah halını daha da yüksəldəcək. Sosial mənzillər əhaliyə ucuz, güzəştli şərtlərlə və uzun müddətə veriləcək. Gənc ailələr qurulanda birinci ən böyük problem ev məsələsi olur. İpotekanın şərtləri də gənc ailələrə çətinlik yaradır. Təbii ki, güzəştli ipotekalar da olur. Ancaq dövlət hesabına sosial mənzillərin inşa olunması əhaliyə çox əhəmiyyətli və böyük dəstəkdir. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı regionlarda işsizliyin azaldılması və maddi imkanları aşağı olan aztəminatlı əhalinin mənzil probleminin həlli üçün bütün şəhərlərdə, rayon mərkəzlərində sosial mənzillərin tikintisinə başlanacağını bildirdi.

Prezident qeyd etdi ki, sosial mənzillərin tikintisi mənzilə ehtiyacı olan əhali qrupunun belə ehtiyaclarının ödənilməsi ilə yanaşı, əlavə iş yerlərinin yaradılması, iqtisadiyyatın 20-dək digər sahələrinin inkişafına səbəb olacaq, inşaat sektoruna çox böyük təkan verəcək".