Politoloq: “Ermənistan düzgün nəticə çıxarsaydı, münaqişə indiyədək həll olunmuş olardı” AÇIQLAMA

11 Aprel 2016 12:12 (UTC+04:00)

Azərbaycan Prezidentinin ötən gün Nazirlər Kabinetinin müşavirəsində Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə bağlı səsləndirdiyi bəyanatlar göstərir ki, artıq Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində yeni Azərbaycandır. Bunu həm Ermənistan rəhbərliyi, həm də ATƏT-in Minsk qrupunun həmsədrləri nəzərə almalıdır". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq bildirib ki, vaxtilə Ermənistan yenilənmiş Madrid prinsiplərindən düzgün nəticə çıxarsaydı, Dağlıq Qarabağ münaqişəsi indiyədək həll olunmuş olardı: "6 il bundan öncə Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev yenilənmiş Madrid prinsiplərini açıqlayarkən bildirmişdi ki, bütövlükdə 7 rayon geri qaytarılır. Rayonların qaytarılması da iki qrupa bölünmüşdü. Belə ki, 5 rayon Laçının rayonun yarısı, sonra Laçın rayonunun digər yarısı və Kəlbəcər, daha sonra isə Dağlıq Qarabağın tənzimlənməsi və digər məsələlər həll ediləcəkdi. Əgər o zaman Ermənistan yenilənmiş Madrid prinsiplərindən düzgün nəticə çıxarsaydı, Dağlıq Qarabağ məsələsi indiyə qədər həll edilmiş olardı. Bundan başqa Ermənistanın indiyə qədər 8 milyard dollar borcu olmaz, bir dövlət olaraq təhlükə qarşısında qalmazdı. Hazırda Ermənistan çox böyük təhlükə qarşısındadır".

M. Əhmədoğlunun sözlərinə görə, hazırda Ermənistanın Azərbaycanın neçə rayonunu işğal etdiyi bilinmir: "Ermənilər Qubadlıya qədər olan ərazidən qoşunlarını yığıb Ağdama gətiriblər. Bu onu göstərir ki, artıq Azərbaycan Prezidenti Dağlıq Qarabağ münaqişəsi kontekstində yeni düstürla çalışır və yeni siyasət aparır. Bu baxımdan hesab edirəm ki, artıq ATƏT-in Minsk qrupunun həmsədrləri bunu nəzərə almalıdırlar. Azərbaycan Prezidentinin əlavə addım atmasını gözləmək üçün bir neçə il gözləməyə ehtiyac yoxdur. Düşünürəm ki, Ermənistan yaxın vaxtlarda özü Azərbaycan tərəfinə müraciət etsə, bu, onun üçün daha faydalı olar".