Ukraynanın Baş naziri istefa verdi

11 Aprel 2016 07:21 (UTC+04:00)

Ukrayna baş naziri Arseniy Yatsenyuk Kiyevin siyasi böhranına son qoyaraq yeni hökumətin formalaşdırılmasına yol açılması üçün istefaya getdiyini bəyan edib. Məlumatın yayılmasında maraqlı olan Rusiya mətbuatı Baş nazirin bu addımını "siyasi alverdən yorulub istefa verdi" kimi yozub.

Yatsenyuk televeziya vasitəsilə yayımlanan çıxışında deyib ki, o, gələn həftə parlament tərəfindən təsdiq edilməli olan istefasının Ukraynaya yeni seçki, konstitusiya və ədliyyə sistemi islahatları gətirəcəyinə və Avropa İttifaqı, eləcə də NATO-ya qoşulmaq imkanı yaradacağına ümid edir.

Qeyd edək ki, Yatsenyukun kabineti fevral ayında etibarsızlıq səsverməsindən üzüağ çıxsa da, iki partiya koalisiyanı tərk etmişdi. Yatsenyuk ölkənin pisləşən iqtisadiyyatı və islahatların asta getməsinə görə sərt tənqidlərə məruz qalırdı.