19 il öncə düşmən arxasına keçərək kəşfiyyat əməliyyatı aparan zaman mühasirəyə düşən, ancaq təslim olmayıb sona qədər döyüşüb şəhid olan yeddi döyüşçümüz anılıb. Bunu qaziler.az saytı xəbər verir.
Döyüş yoldaşları Şəhidlər Xiyabanına gedərək onları yad ediblər.
1997-ci il aprelin 7-də iki kəşfiyyat qrupu xüsusi tapşırıqla Qarabağa göndərilir. Qrup düşmənin arxasına keçərək tapşırığı yerinə yetirir. Birincin qrup itkisiz qayıdır, lakin ikinci qrupu bir yaşlı erməni qadını görür. Təbii ki, döyüşçülərimiz o qadına toxunmurlar. Ancaq bir az keçmiş düşmən həmin o qadının xəbəri ilə kəşfiyyat qrupunu mühasirəyə alır və təslim olmalarını söyləyirlər. Təslim haqqında təklif döyüşçülərimiz tərəfindən rədd edildikdən sonra ağır döyüş başlayır.
Kəşfiyyatçılarımız düşmənin xeyli canlı qüvvəsini məhv edir. Güllələri qurtardıqda düşmənin əlinə keçməmək üçün özlərini qumbara ilə partladırlar. 8 nəfər heyətdən ibarət olan qrupun 7-üzvü şəhid olur, onlardan biri Əhmədov Aqil Mürsəl oğlu ağır yaralanaraq huşsuz vəziyyətdə əsir düşür. Erməni məhkəməsi Aqilə güllələnmə də kəsir. Ancaq uzun sürən danışıqlardan sonra Aqili dəyişmək mümkün olur.
Xatırladaq ki, onların hər birini Prezident Heydər Əliyev Azərbaycan Bayrağı ordeni ilə təltif edib:
Leytenant Elxan Ataxan oğlu Ağayev
Leytenant Vüqar Rzaxan oğlu Gərəhmədov
Çavuş Anar Üzeyir oğlu Rzayev
Çavuş Dinar İbrahim oğlu Mustafayev
Çavuş Aqşin Əli oğlu Həsənov
Çavuş Nizami Səfi oğlu Ələkbərov
Çavuş Fariz Şamil oğlu Cavadov
Çavuş Aqil Mürsəl oğlu Əhmədov (sağdır).