Okinavalı qonaqlar Azərbaycana gəlir

10 Aprel 2016 10:42 (UTC+04:00)

Yaponiyanın Okinava prefekturasının nümayəndə heyəti aprelin 9-da Tokionun "Haneda" aeroportundan Azərbaycana yola düşüb.

Aeroportun biznes mərkəzində keçirilən yolasalma mərasimində çıxış edən səfərin təşkilatçısı, "Cross Border Club" şirkətinin prezidenti Kazuyasu İşida Azərbaycan, onun mövcud iqtisadi potensialı və qazandığı uğurlar barədə məlumat verib. Bildirib ki, Yaponiya ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsi hər iki tərəf üçün faydalı ola bilər və bu münasibətlərin böyük potensialı var. Rəhbərlik etdiyi klubun Okinava prefekturası ilə Azərbaycanın regionları arasında əməkdaşlıq əlaqələrinin qurulması barədə irəli sürdüyü təşəbbüsün prefektura və Miyakocima şəhər rəhbərliyi tərəfindən müsbət qarşılandığını, yerli iş adamlarının da bu təşəbbüsə böyük maraq göstərdiyini qeyd edən K.İşida Azərbaycana, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasına səfərin uğurla nəticələnəcəyinə əminliyini bildirib.

Okinava parlamentinin sədri Masaharu Kina Azərbaycanla Yaponiya arasında əməkdaşlığın strateji əhəmiyyətini yüksək qiymətləndirib. Vurğulayıb ki, Okinava prefekturası Naxçıvan Muxtar Respublikası ilə, Miyakocima şəhəri isə Naxçıvan şəhəri ilə əməkdaşlıqda, qardaşlıq və dostluq əlaqələrinin qurulmasında çox maraqlıdır. Parlamentin sədri vurğulayıb ki, iki dost ölkə arasında regional əməkdaşlığın qurulması, eyni zamanda xalqlarımız arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafına mühüm töhfələr verəcək. Okinava nümayəndə heyətinin ilk dəfə Azərbaycana səfər etdiyini xatırladan M.Kina gələcəkdə Azərbaycan nümayəndə heyətinin də Yaponiyaya səfərinin əlaqələrin inkişafına mühüm təsir göstərəcəyini bildirib.

Mərasimdə çıxış edən Azərbaycanın Yaponiyadakı səfirliyinin birinci katibi Rövşən Mirzəyev iki dost ölkə arasında son illər əlaqələrin sürətli inkişafından, qarşılıqlı rəsmi səfərlərin intensivləşməsindən danışıb. Bildirib ki, Yaponiya Asiya regionunun, Azərbaycan isə Qafqazın inkişaf etmiş ölkələridir və bu iki ölkə arasında əməkdaşlığın daha da genişlənməsi tərəflər üçün həm siyasi, həm də iqtisadi cəhətdən faydalı olacaq. Azərbaycanda Okinava nümayəndə heyətini zəngin səfər proqramı gözlədiyini qeyd edən R.Mirzəyev Bakıda və Naxçıvanda keçiriləcək rəsmi görüşlərlə bərabər, qonaqların tarixi və mədəni yerləri ziyarət edəcəklərini də bildirib.

Vüqar Ağayev