"Ermənistan həlak olanlar siyahısında Dağlıq Qarabağın bir sakini də yoxdur"

9 Aprel 2016 19:54 (UTC+04:00)

Tarixçi və siyasi analitik, tarix elmləri doktoru Oleq Kuznetsov "Qarabağ münaqişəsi zonasında kövrək atəşkəs: sülhü necə qorumaq?" mövzusunda keçirilən mətbuat konfransı çərçivəsində Dağlıq Qarabağ münaqişəsinə hüquqi qiymət verib, vəziyyəti Rusiya qanunvericiliyi baxımından araşdırıb.

O deyib: "Ermənistan istisna olmaqla elə bir dövlət yoxdur ki, Azərbaycanın ərazi bütövlüyünü tanımamış olsun. Hazırda Ermənistan tərəfindən işğal edilmiş torpaqlar da müvafiq olaraq beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz hissəsidir. Mənə dünyanın elə bir ölkəsini göstərə bilərsinizmi ki, Dağlıq Qarabağ respublikasını tanısın? Rusiya tanımır, hətta Ermənistanın özü də tanımır. Bundan hansı nəticə çıxır? Hay-küylə Artsax adlandırılan ərazidəki bütün strukturlar, xüsusilə hərbi strukturlar Rusiya Federasiyası cinayət qanunvericiliyinə (Cinayət Məcəlləsinin 208-ci maddəsi) əsasən qeyri-qanuni silahlı birləşmələrdir. Münaqişənin aprelin 2-dən 5-dək gərginləşməsindən sonra Ermənistan Müdafiə Nazirliyi öz saytında ölənlərin siyahısını dərc edib və onların dəfn olunduğu yerləri göstərib. Bu siyahıda Dağlıq Qarabağın bir sakini belə yoxdur.

Həlak olması hazırda Ermənistan Müdafiə Nazirliyi tərəfindən bildirilən və ya rəsmən təsdiq olunan 57 nəfərin hamısı əslən Ermənistandandır. Əgər Ermənistan Dağlıq Qarabağı tanımırsa, o zaman sual yaranır: bəs onda Ermənistan vətəndaşları bu dövlətin tanımadığı digər dövlətin ərazisində və ya qeyri-qanuni yaradılmış silahlı birləşmələrinin tərkibində nə edirlər?

Rusiya Federasiyası Cinayət Məcəlləsinin 356-cı maddəsinə əsasən, bu, "muzdlu hərbçilər" adlanır və 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. Müvafiq olaraq belə çıxır ki, adamların Ermənistan ərazisindəki işğalçı qoşunların tərkibində olması ya muzdlu hərbçilər, ya da qeyri-qanuni hərbi birləşmələrdə iştirak hesab edilir.

Buradan məntiqi nəticə çıxır: kim suveren dövlətə - Azərbaycan Respublikasına öz ərazisindəki cinayətkarları məhv etməyə qadağa qoya bilər? Məsələ belədirsə, sual yaranır: qeyri-qanuni silahlı birləşmələrlə suveren dövlət arasındakı münaqişə hansı yolla həll edilməlidir? Suveren dövlət ya onları məhv etməli, ya gəldikləri yerə sıxışdırmalı, ya da həmsərhəd ölkələrin vətəndaşlarına qarışmasına imkan verməlidir. Yəni cinayətkarlara öz ərazisindən çıxmağa imkan yaratmalıdır ki, onlar öz əməllərini qonşu ölkələrin ərazisində davam etdirsinlər.

Bu, Rusiyaya lazımdır? Düşünürəm ki, yox. Bu, Türkiyəyə lazımdır? Yox. Bu, İrana lazımdır? Yox. Bu, Gürcüstana lazımdır? Yox. Ermənistanın mövqeyi bu baxımdan maraqlı olardı, lakin bu günədək bildirilməyib.

Bunu əsasən yenə də Rusiya hüquq sistemi baxımından Dağlıq Qarabağ münaqişəsinin bircə ağıllı həll variantı var. Ermənistan Azərbaycan ərazisindən cinayətkarları çıxarır və öz ərazisində onları mühakimə edir, paralel olaraq, işğal edilən torpaqları Azərbaycan Respublikasının yurisdiksiyasına verir. Rusiya qanunvericiliyi baxımından digər variant yoxdur".

Ekspert daha sonra sual edir ki, Ermənistanın bundan əvvəlki prezidenti kim olub, Ermənistanın indiki prezidenti Qarabağ münaqişəsi illərində kim olub. Biz görürük ki, keçmiş Dağlıq Qarabağ respublikasının siyasi rəhbərləri hazırda Ermənistanda siyasi hakimiyyətə rəhbərlik edir. Biz faktiki olaraq ermənilərin Artsax adlandırdığı qurumun Ermənistanı işğal etməsi barədə danışa bilərik.

Beləliklə də, erməni xalqı Koçaryan-Sarkisyan siyasi klanından azad olandan, Dağlıq Qarabağ münaqişəsi dalğasında Ermənistanda hakimiyyətə gələn qüvvələr gedəndən sonra erməni xalqının demokratik, ağıllı, humanist qüvvələri danışıqlar masasının arxasına əyləşəcək.

Oleq Kuznetsov sonda deyib ki, hazırkı vəziyyətdə erməni xalqı Azərbaycan torpaqları kimi siyasi təzyiq altındadır. Bunlar nəzərə alınmaqla problem kifayət qədər sadədir: Ermənistanda siyasi rejimin dəyişməsi qaçılmaz olaraq Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında nizamlanmasına gətirib çıxaracaq.