“Özbək və Azərbaycan müasir poeziyasının xüsusiyyətləri” FOTOLAR

9 Aprel 2016 12:58 (UTC+04:00)

Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetin Azərbaycan Mədəniyyəti və ədəbiyyatı mərkəzində özbək alim, professor Saodat Muxammadovanın tərtibçisi olduğu "Özbək və Azərbaycan müasir poeziyasının xüsusiyyətləri" adlı kitabın təqdimatı keçirilib. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, kitab Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə çap olunub.

Təqdimat mərasimində özbək filoloqları, Azərbaycanşünas alimlər, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, universitetin müəllim, tələbə heyəti və mətbuat nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Pedaqoji Universitetin Filologiya fakültəsinin dekanı, dosent İnomcan Azimov Azərbaycan ədəbiyyatına Özbəkistanda böyük maraq olduğunu və Azərbaycan-Özbək ədəbi əlaqələrinin tarixinin qədim dövrlərə təsadüf etdiyini qeyd edib. İnomcan Azimov çıxışında Universitetin filologiya fakültəsinin kafedra müdiri, professor Səadət Muxammadovanın tərtibçisi olduğu "Özbək və Azərbaycan müasir poeziyasının xüsusiyyətləri" adlı nəşr haqqında məlumat verib.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış edərək nəşrin əsas məqsədinin müasir özbək və azərbaycan poeziyasının xüsusiyyətləri ilə elmi ictimayyəti tanış etmək olduğunu bildirib. O, kitabın əsas üstün cəhətinin azərbaycan şairlərinin şerlərinin özbək dilində, özbək şairlərinin şerlərinin isə azərbaycan dilində tərcümələrinin verilməsi olduğunu vurğulayaraq, bu cür ikidilli layihələrin əhəmiyyətindən danışıb.

Özbək azərbaycanşünas alim, professor Marğuba Mirqasımova Azərbaycan-Özbək ədəbi əlaqələrinə dair məruzə ilə çıxış edib, kitabdakı gənc şairlərin şeirlərini təhlil edərək, ədəbiyyatımızın oxşarlıqları barədə məlumat verib.

Alim, tərcüməçi Babaxan Şərif kitabda özbək və azərbaycan alimlərinin ədəbi əlaqələrinə həsr olunmuş məqalələr barədə söhbət açaraq, özbək alimləri Marğuba Mirqasımova, Səadət Muxammedova, Nəsibə Cumaniyazova, Nafosat Urakova və azərbaycan alimləri Almaz Ülvi, Yaşar Qasımov, Təranə Həşimovanın məqalələrini yüksək qiymətləndirib.

Tərtibçi Səadət Muxammedova çıxış edərək kitabda ilk dəfə olaraq, müasir özbək şairləri Çulpan, İqbal Mirzo, Qayrat Macid, Utkir Xıdırov, Malika Səlimovanın şerlərinin və müasir azərbaycan şairləri Bəxtiyar Vahabzadə, Qulu Ağsəs, Firuz Mustafa, Afaq Şıxlı, Elçin İskəndərzadə, Xanım İsmayılqızı, Elçin Mirzəbəyli və digər şairlərin lirik parçalarının nəşr olunduğunu qeyd edib.

Qeyd edək ki, sonda o, kitabın filoloqlar, elm xadimləri və ədəbiyyatsevərlər üçün faydalı olacağına inandığını və nəşr layihəsinin reallaşdırılmasında Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib.