Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçildi FOTOLAR

9 Aprel 2016 14:37 (UTC+04:00)

Azərbaycan Alpinizm Federasiyası yarandığı dövrdən ölkəmizdə bu idman növünə marağı olan gəncləri öz ətrafında cəmləşdirərək bir çox uğurlara imza atıb. Təəssüf ki, önəmli fəaliyyətlərə imza atmış bu idman qurumu 2000-ci ildən şəxsi intriqalar fonunda öz eniş dövrünü yaşayıb. Nəticədə qurumdakı qeyri-sağlam mühitinin təsiri ilə Federasiya respublikada geniş vüsət alan idman hərəkatından təcrid olunub. Azərbaycan Dağ və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının Alpinizm Federasiyası ilə əməkdaşlığı da nəticə verməyib.

Lakin bu Federasiyanı öz tarixindən ayırmaq istəməyən və onun dövlət siyasətindən kənarda qalmadan dinamik inkişafına nail olmaq istəyən konstruktiv qüvvələr bir yerə toplaşaraq qurumda sağlam idman mühitinin formalaşması üçün yeni inkişaf yolunu qarşılarına məqsəd qoyublar. SİA-nın verdiyi xəbərə görə, Alpinizm Federasiyasının yenidən sağlam özüllərlə inkişafını təmin etmək məqsədilə bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Baş ofisində Azərbaycan Alpinizm Federasiyasının hesabat seçki konfransı keçirilib. Konfransda Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev və digər rəsmi şəxslər iştirak ediblər.

Çıxış edən Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev Azərbaycan dövlətinin idmanın inkişafına hər cür şəraiti yaratdığını bildirib. Onun sözlərinə görə, ölkəmizdə keçirilən böyük idman yarışları, beynəlxalq idman tədbirləri buna əyani sübutdur.

Azərbaycan Dağ və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının rəhbərliyi altında son illərdə dağçılıq və ekstremal idman növlərinin gənclər arasında xüsusi populyarlıq qazandığını qeyd edən nazir müavini konfransda Alpinizm Federasiyasının seçiləcək yeni tərkibinə bundan sonrakı işlərində uğurlar arzuladı və lazımı dəstək göstərəcəklərini bildirdi.

Digər çıxışçılar da öz növbəsində Alpinizm Federasiyasının müəyyən dövr üçün tənəzzül mərhələsinin artıq geridə qalacağına ümid etdiklərini bildiriblər.

Yekdil səsvermə yolu ilə Federasiyanın yeni İdarə Heyətinin tərkibi, eyni zamanda dağçılıq sahəsində geniş təcrübəyə malik, Beynəlxalq dərəcəli idman ustası Nizami Mursaqulov quruma prezident seçilib.

Sonda bir daha Gənclər və İdman Nazirliyinin məsul şəxsləri və digər rəsmilər seçkinin nəticələrini təqdir edərək Alpinizm Federasiyasının yeni rəhbərliyinə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Tofiq Abdulla