Sahibə Qafarova: “Ermənistan rəhbərliyi prosesə məsuliyyətsiz yanaşır” ŞƏRH

8 Aprel 2016 17:49 (UTC+04:00)

"Çox böyük fəxrdir ki, bu gün Azərbaycan xalqının hər bir fərdində Ordumuza, dövlətimizə, cənab Ali Baş Komandana böyük inam var. Biz bunu sosial şəbəkələrdə də, insanlarla ünsiyyətlərimizdə də, seçicilərimizin bizə ünvanlanan müraciətlərində də aydın şəkildə görürük. Bu gün Azərbaycan cəmiyyəti bir məqsəd, bir amal uğrunda səfərbərdir – İşğal altındakı torpaqlarımızı mütləq azad edəcəyik". Bu fikirləri SİA-ya millət vəkili, Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə Komitəsinin sədri Sahibə Qafarova deyib.

Millət vəkili bildirib ki, aprelin 2-də cəbhədə baş vermiş hadisələr, bundan öncə də ermənilərin təxribatlarına verilən layiqli cavablar Azərbaycan ordusunun Qarabağı erməni işğalından istənilən vasitə ilə azad edə biləcəyini bir daha ortaya qoydu: "Amma Azərbaycan həmişə sülhpərvər siyasət həyata keçirib və bu gün də bəyan edir ki, problemin sülh yolu ilə həllinə tərəfdardır. Sadəcə olaraq, beynəlxalq birlik Ermənistanı işğal etdiyi Azərbaycan torpaqlarından çıxmağa, beynəlxalq hüququn, BMT TŞ-nin qəbul etdiyi qətnamələrin icrasına məcbur etməlidir. Çünki bilirik ki, danışıqların bu günə qədər heç bir nəticə verməməsi birbaşa Ermənistan rəhbərliyinin prosesə qeyri-konstruktiv və məsuliyyətsiz yanaşmasının nəticəsidir. Ermənistan yekun sülhə nail olunmasına hər vəchlə mane olmağa çalışır və status-kvonun davamlı olmasını istəyir. Amma Azərbaycan ordusunun cəbhə xəttində əldə etdiyi qələbədən sonra münaqişənin həlli ətrafında situasiyanın dəyişdiyini görürük. Ən azından beynəlxalq ictimaiyyətin problemə baxışında artıq biz bu fərqi görə bilərik. Hazırda status-kvonun dəyişməsinin vacibliyi, işğal olunmuş Azərbaycan torpaqlarının azad olunması ilə bağlı çağırışlar daha yüksək səslə ifadə olunmağa başlayıb. Eyni zamanda, həmsədr dövlətlərin rəsmilərinin prosesə daha ciddi münasibətinin şahidiyik. Bunlar isə münaqişənin diplomatik üsulla həllinə olan inamımızı gücləndirir. Bununla belə, Azərbaycan digər vasitələrlə öz ərazi bütövlüyünü bərpa etmək haqqını özündə saxlayır. Bir məqamı da qeyd etmək istəyirəm. Ermənilər həmişəki xislətlərinə sadiq qalaraq, öz havadarlarının da köməyi ilə beynəlxalq ictimaiyyətdə yalnış rəy formalaşdırmağa çalışır. Xüsusilə, erməni diasporuna yaxın media və siyasətçilər Azərbaycana qarşı qara piar kampaniyası aparır, ermənilərin cəbhə xəttindəki təxribatlarını, mülki əhalini hədəf almasını pərdələmək üçün Azərbaycan Ordusunun öz hüququndan istifadə edib tamamilə haqlı cavab zərbələrini qeyri-adekvat təqdim etməyə çalışır. Bu məsələdə hamımız daha diqqətli olmalı, əvvəlkindən də ayıq sayıq davranmalıyıq. Bütün güc və imkanlarımızla həm də beynəlxalq ictimaiyyəti məlumatlandırmalıyıq ki, ermənilərin bu hiyləsi baş tutmasın".

Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə Komitəsinin sədri kimi avropalı həmkarlarına məlumat verib. O qeyd edib ki, bu kimi məsələlər bu komitənin fəaliyyətinin əsas istiqamətini təşkil edir: "Yeri gəlmişkən, AŞPA prezidenti cənab Aqramuntun verdiyi bəyanatı da təqdir edirəm. O, tam haqlı olaraq, erməniləri işğal etdikləri Azərbaycan torpaqlarından çıxmağa və BMT-nin məlum qətnamələrini yerinə yetirməyə çağırıb".