Ölkə başçısı "Turizm və Səyahətlər" sərgisi ilə tanış olub

8 Aprel 2016 16:02 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva "AITF-2016" 15-ci "Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər" və "HOREX Caucasus-2016" 10-cu Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgiləri ilə tanış olublar. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, "AITF-2016" sərgisi keçirildiyi illər ərzində bütövlükdə Xəzəryanı regionda mühüm tədbirlərin təşkil olunduğu, tərəfdaşlıq müqavilələrinin imzalandığı, habelə yeni proqram və istiqamətlərin elan edildiyi əsas turizm tədbirinə çevrilib, bu sənaye sahəsinin qovşağı statusunu qazanıb.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlətimizin başçısına və xanımına məlumat verib ki, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm Assosiasiyası, Dünya Turizm Təşkilatı və Asiya-Sakit Okean Turizm Assosiasiyası sərgiyə fəal dəstək verib. Turizm ölkəmizin qeyri-neft sektorunun perspektivli sahələrindən biri olduğu üçün bu sahənin inkişafına xüsusi diqqət göstərilməsi və onun dəstəklənməsi hazırda dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi də bu prosesə töhfə verir. Təsadüfi deyil ki, 2002-ci ildə keçirilən ilk sərgidə 5 ölkədən 26 şirkət iştirak edirdisə, sonrakı illərdə müsbət dinamika əldə olunub. Builki sərgidə 40 ölkədən 200-dən artıq şirkət iştirak edir. Müstəqil auditin məlumatlarına əsasən, bu sərgi regionda ölkə, şirkət və turizm marşrutlarının sayı üzrə bütün digər turizm sərgiləri arasında birinci yeri tutur.

Azərbaycanın 20-dən artıq turizm şirkətini, eləcə də, otel və sanatoriyalarını öz stendində bir araya gətirən Azərbaycan Turizm Assosiasiyası da ölkədə turizmin inkişafına güclü dəstək verir. 2009-cu ildən fəaliyyətdə olan Assosiasiya hazırda ölkəmizdə turizm və otel sahəsində təlim və inkişaf həllərini təmin edən ən böyük qeyri-hökumət təşkilatlarından biridir.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva ölkəmizin turizm regionlarını əks etdirən ekspozisiyalara baxıblar.

Daxili turizm Azərbaycanda əsas təmayül olaraq qalır. Hazırda diqqət paytaxtla yanaşı, bölgələrdə də geniş turizm şəbəkəsinin yaradılmasına yönəldilib. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva sərgidə xarici ölkələrin milli pavilyonları ilə də tanış olublar.

Bildirilib ki, keçirildiyi illər ərzində "Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər" sərgilərində dünyanın 40-dan çox ölkəsindən təxminən, 2200 şirkət iştirak edib. Bu il də sərgidə çoxlu xarici şirkətin iştirakı diqqət çəkir. İndoneziya milli pavilyonunda bu ölkə ecazkar təbiəti, zəngin mədəniyyəti və qonaqpərvər insanlara malik olan dünyanın möhtəşəm səyahət məkanlarından biri kimi təqdim olunur. Bu ölkənin turizm obyektləri tarixi məkanlar da daxil olmaqla, təbiət və mədəniyyət mənzərələrini əhatə edir. Rusiyanın şəhərlərinin, xüsusilə də, Stavropol vilayətinin təqdim etdiyi imkanlar da sərgidə böyük maraqla qarşılanır.

Qeyd edək ki, sərgi ilə tanışlıqdan sonra dövlətimizin başçısı və xanımı turistlər üçün şəhər turlarında istifadə ediləcək avtobusa və mikroavtobusa baxıblar, onlarda yaradılan şəraitlə tanış olublar.

Sonda Prezident İlham Əliyev sərgilərin işinə uğurlar arzulayıb.