“Turizm və səyahətlər” sərgisinin iştirakçıları fikirlərini paylaşıb

8 Aprel 2016 14:59 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, aprelin 7-də 15-ci Azərbaycan beynəlxalq "Turizm və səyahətlər" (AİTF-2016) sərgisi işə başlayıb. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, sərgidə beynəlxalq assosiasiyalar, ticarət və sənaye palataları, eləcə də, dövlət müəssisələri, o cümlədən, İndoneziya və Türkiyənin Azərbaycanda akkreditasiya olunmuş səfirlikləri də yer alıb. Sərginin iştirakçıları arasında turizm şirkətləri, aviaşirkətlər, milli və regional turizm təşkilatları, hotellər, xaricdə daşınmaz əmlak agentlikləri, müalicə-sağlamlıq və SPA mərkəzləri, idman və ekoloji turizm obyektləri var.

Türkiyənin Alanya Turizm Tanıtımı Vəqfinin nümayəndəsi Elvan Günəş Azərbaycan beynəlxalq "Turizm və səyahətlər" sərgisinin yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb: "Artıq 15-ci ilini qeyd edən bu sərgidə biz də Alanya bölgəsinin turizm potensialını tanıtmaq üçün iştirak edirik. Aralıq dənizi sahilində yerləşən Alanya ildə 300 gün günəşli günləri müşayiət olunan çimərlik turizmi, eləcə də, təbii və mədəni zənginlikləri məşhur bir bölgəmizdir. Dünyanın müxtəlif ölkələrindən olan 50 yaşdan yuxarı insanları Alanyada yaşamağa gəlirlər. Artıq Alanyada 79 ölkədən 17 min nəfərdən çox xarici ölkə vətəndaşı yaşayır".

İran İslam Respublikasının Ərdəbil şəhərinin turizm təbliği idarəsinin rəhbəri Qadir Tağızadə AİTF sərgisində artıq ikinci dəfədir iştirak edir: "İkinci ildir ki, bu sərgidə Ərdəbil şəhərinin turizm potensialını təqdim edirik. Deyə bilərəm ki, sərgidə bizim stendimizə maraq yüksək səviyyədədir. Hər kəs Ərdəbilin tarixi yerləri haqqında maraqlanır. Azərbaycandan da hər il Ərdəbilə 400 min nəfərdən çox turist gəlir. Bunların sırasında sağlamlıq turizmi məqsədi ilə gələnlər çoxluq təşkil etsə də, Ərdəbilin tarixi, memarlığı, mədəniyyəti və mətbəxi ilə tanış olmaq istəyənlərin də sayı az deyil".

Sərgidə Mədəniyyət və Turizm Nazirliyinin stendi və ölkə regionlarının ənənəvi ekspozisiyalarında isə Azərbaycanın daxili turizm potensialı bütün çalarları ilə təqdim edilir. Eləcə də, Qax, Qəbələ, Gəncə, Zaqatala, İsmayıllı, Lənkəran, Mingəçevir, Masallı, Sumqayıt və digər regionlarının ekspozisiyası nümayiş olunur.

Qarabağ regionunun gözəlliyini və turizm imkanlarını nümayiş etdirən Qarabağ stendi sərginin ənənəvi iştirakçısıdır.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin stendində isə Naxçıvanın unikal təbiəti, tarixi yerləri, o cümlədən, mehmanxana və müalicə mərkəzləri haqqında məlumat verilir.

Qeyd edək ki, "AİTF-2016" sərgisi ilə yanaşı, ənənəvi olaraq, Qafqaz beynəlxalq "Mehmanxana, restoran və super-marketlər üçün avadanlıq və ləvazimatlar" ("HOREX Caucasus") sərgisi də start götürüb. Xəzəryanı regionda qonaqpərvərlik sənayesi üzrə yeganə ixtisaslaşdırılmış tədbir olan "HOREX Caucasus" sərgisi bu il 10 illik yubileyini qeyd edir. Sərgi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində isə "Iteca Caspian" və onun Böyük Britaniyalı tərəfdaşı "ITE Group" şirkətləri çıxış edir.