Prezident: "İnanırıq ki, status-kvo dəyişəcək, Azərbaycan torpaqları işğaldan azad ediləcək"

8 Aprel 2016 14:48 (UTC+04:00)

"Rusiyanın baş naziri Dmitri Medvedevlə həm təkbətək, həm də geniş tərkibdə keçirilən görüşlərdə iki ölkə arasındakı münasibətlər, regional məsələlər, o cümlədən Dağlıq Qarabağda baş verən son hadisələr detallı şəkildə müzakirə olundu". SİA-nın xəbərinə görə, bunu Azərbaycanda rəsmi səfərdə olan Rusiya baş naziri Dmitri Medvedevlə geniş tərkibdə görüşdən sonra keçirilən mətbuat konfransında birgə bəyanatda Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.

Dövlət başçısı bildirib ki, bu səfər Azərbaycan və Rusiya arasında dostluq münasibətlərinin növbəti təzahürüdür: "Biz bu səfərə böyük önəm veririk. Ermənistana səfərdən sonra Dmitri Medvedyevin Azərbaycana səfəri də münasibətlərə verilən önəmi göstərir".

Prezident İlham Əliyev vurğulayıb ki, uzun müddətdir Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, o cümlədən ətrafdakı 7 rayon işğal altındadır, 1 milyondan çox məcburi köçkün və qaçqın var: "Münaqişənin tənzimlənməsi ilə bağlı mexanizm və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi olmasına baxmayaraq, bu qətnamələr yerinə yetirilmir. Rusiya BMT Təhlükəsizlik Şurasının və ATƏT-in Minsk qrupunun üzvü kimi mühüm ölkədir. Son günlər cəbhədə yaşananlarla bağlı Rusiya prezidenti Vladimir Putin mənə və Ermənistan prezidentinə zəng etdi".

Azərbaycanın atəşkəsə əməl etdiyini deyən ölkə başçısı Ermənistanın da atəşkəsə əməl edəcəyinə ümid etdiyini dilə gətirib: "Ermənistanın Azərbaycanı zorakılıqda günahlandırılması əsassızdır. Biz sadəcə, torpaqlarımızı və mülki şəxslərimizi qoruyuruq. Azərbaycan münaqişənin sülh yolu illə həllində maraqlıdır və danışıqlar prosesini davam etdirəcəyik. Minsk qrupunun həmsədrlərinin bölgəyə son səfərini dəstəkləyirik. İnanırıq ki, status-kvo dəyişəcək, Azərbaycan torpaqları işğaldan azad ediləcək. Bundan sonra region çiçəklənəcək, bütün region ölkələri inkişaf edəcək. Azərbaycan və Rusiya arasında bütün sahələr üzrə münasibətlər, iqtisadi əlaqələr inkişaf edir. Dmitri Medvedevin səfəri bu münasibətlərin iki ölkə üçün əhəmiyyətini göstərir. Rusiya dövləti və xalqına rifah arzulayıram".