Amerika Azərbaycanlıları Ağ Ev qarşısında etiraz aksiyası keçirib FOTOLAR

8 Aprel 2016 13:00 (UTC+04:00)

Vaşinqtonda yaşayan azərbaycanlılar son günlər cəbhə xəttində baş verən hadisələrlə bağlı Ermənistan dövlətinə etiraz olaraq Ağ Ev qarşısında aksiya keçirib. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən məlumata görə, mitinqdə Azərbaycan diaspor nümayəndələri ilə yanaşı, türk diasporunun da üzvləri iştirak edib.

Aksiya iştirakçıları əllərində Azərbaycan və ABŞ bayraqları tutmaqla yanaşı, "Qarabağ bizimdir, bizim olacaq", "Ya Qarabağ, ya ölüm", "Erməni, Azərbaycan torpaqlarını tərk et", "Ermənistan etnik təmizləmədə günahkardır" kimi şüarlar səsləndiriblər.

Çıxış edən aksiya iştirakçıları Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla təmas xəttində törətdiyi hərbi təxribatları qınayıb, Ermənistan tərəfindən atəşə məruz qalan dinc sakinlərin tələfatı və əmlaklarına dəyən ziyanla müşayiət olunan hadisələrdən narahatlıq ifadə ediblər. Aksiyada iştirak edən Amerika Azərbaycanlıları Şəbəkəsinin rəhbəri Adil Bağırov çıxışında bildirib ki, bu gün Azərbaycan diasporu erməni lobbisindən daha fəaldır və müxtəlif ölkələrdə yaşamasından asılı olmayaraq hər zaman birlik nümayiş etdirir.

Çıxışçılar Ermənistan dövlətindən təcavüzkarlıq siyasətindən əl çəkməyi, Azərbaycandan işğal etdikləri torpaqları geri qaytarmağı tələb ediblər. Həmçinin, Ermənistanın BMT-nin müvafiq qətnamələrini yerinə yetirməsi üçün dünya ictimaiyyətini işğalçı dövlətə təzyiq göstərməyə çağrıblar.