Nazirlikdə könüllü qanvermə aksiyası keçirilib

8 Aprel 2016 11:58 (UTC+04:00)

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində könüllü qanvermə aksiyası keçirilib. SİA-nın verdiyi xəbərə görə, Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının xüsusi tibbi briqadasının həkim hemotoloqları donorların sağlamlıq vəziyyətini müəyyən etdikdən sonra onlardan qan götürüblər. Aksiya Nazirliyin Aparatının və struktur bölmələrinin əməkdaşlarının yüksək fəallığı şəraitində keçib.

Bildirilib ki, belə nəcib tədbirlər ölkədə qan ehtiyatının daha da artırılmasına yönəlib. Bu aksiya eyni zamanda yaz mövsümü ilə əlaqədar qan xəstəliklərinin özünü göstərməsi ilə bağlı belə xəstəliklərdən, həmçinin hemofiliya və talassemiyadan əziyyət çəkən şəxslərin təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün respublikada artıq ənənəvi hal alan nəcib tədbirlərin davamıdır.

Aksiya zamanı ümumilikdə 400-ə yaxın əməkdaşdan qan götürülüb. Qeyd edilib ki, hazırda götürülən qan nümunələri laboratoriyada müayinə edildikdən sonra aidiyyatı üzrə istifadə olunacaq.