Ermənilər Lavrovun Bakı səfərindən narahatdır ERMƏNİSTAN MƏTBUATI

8 Aprel 2016 11:03 (UTC+04:00)

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun Bakı səfəri Ermənistanı ciddi şəkildə narahat etməyə başlayıb. Bununla bağlı eyni mövqedən çıxış edən erməni mətbuatı Bakı görüşü ətrafında xoflandıqlarını gizlətmirlər. SİA-nın verdiyi xəbərə görə, Ermənistanda dərc edilən "Aravot" qəzetində sözügedən məsələ ilə bağlı məqalə dərc edilib və orada Rusiyanın XİN rəhbərinin verdiyi bəyanatlara toxunulub: "Lavrov əlavə edərək deyib ki, Rusiya Federasiyası ilə Azərbaycan arasındakı təhlükəsizlik məsələləri üzrə dialoqların inkişafında yaxşı perspektivləri var. Aparılan danışıqlar bir çox mühüm məsələləri perspektiv xəttində inkişaf etdirib, o cümlədən, təhlükəsizlik məsələsini də".

Erməni nəşri məhz bu amilə toxunmaqla yanaşı, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun da bəyanatına toxunub və narahatlığını gizlətməyib: "Diqqətçəkici məqam budur ki, Azərbaycanın XİN rəhbəri ötən ilin ortalarından rusiyalı həmkarının təklifləri üzərində işlədiklərini deyib. Moskva hansı təklifləri irəli sürüb? Bu təkliflər rəsmi İrəvana və Stepanakertə (Xankəndinə – red.) də təqdim olunubmu? Onlar (təkliflər-red.) Ermənistan hakimiyyətinin prinsiplərinə cavab verirmi?" Göründüyü kimi, artıq Ermənistan Qarabağ münaqişəsi fonunda ciddi tərəf kimi qəbul edilməməklə yanaşı, eyni zamanda danışıqlar prosesində apardığı qeyri-səmimi davranışlarına görə kənarda qalmağa başlayır. Bu isə beynəlxalq aləmin Azərbaycanın ədalətli mövqeyinin dəstəklənməsi ilə öz nəticəsini tapmaqdadır".