Dağlıq Qarabağı Azərbaycandan ayırmaq xülyasına son qoyuldu

8 Aprel 2016 00:42 (UTC+04:00)

"Sodrujestvo" Azərbaycan Respublikası Xalqlarının Həmrəyliyi Cəmiyyəti yaxın günlərdə qoşunların təmas xəttində baş verən toqquşma ilə əlaqədar bəyanat qəbul edib. Bu barədə Azərbaycan Respublikası Xalqlarının Həmrəyliyi Cəmiyyətinin adından və üzvlərinin tapşırığına əsasən təşkilatın sədri Tatyana Kərimova məlumat verib.

Bəyanatda deyilir: "Sodrujestvo" Azərbaycan Respublikası Xalqlarının Həmrəyliyi Cəmiyyəti 2016-cı il aprelin 2-də Qarabağ separatçıları tərəfindən törədilmiş hərbi toqquşmanı qəti pisləyir.

Silahlı Qüvvələrimizin şanlı əsgərləri həyasız təcavüzkara layiqli zərbə vurub, bununla da ordumuzun bütün gücünü və qüdrətini əyani şəkildə göstəriblər.

Qarabağ milli və dini mənsubiyyətindən asılı olmayaraq Azərbaycanda yaşayan bütün xalqların doğma torpağıdır.

"Sodrujestvo" çətin 90-cı illərin əvvəlində yaradılan təşkilatdır. O, öz sıralarında azərbaycanlıları, rusları, yəhudiləri, ləzgiləri, tatarları, ukraynalıları və ölkəmizdə yaşayan digər xalqları birləşdirir. Bizim üçün faciəli olan hələ o çətin dövrdə təşkilatın nümayəndələri keçmiş SSRİ-nin müxtəlif regionlarına gedib, ölkənin mövqeyini izah və müdafiə edib, Ermənistan tərəfinin yalanını və təcavüzkarlığını konkret faktlarla sübut ediblər.

Azərbaycan heç vaxt qarşı tərəf kimi mülki şəxslər, qocalar, qadınlar və uşaqlarla vuruşmayıb.

Ali Baş Komandan, çox hörmətli Prezident İlham Heydər oğlu Əliyevin əmrinə əsasən Silahlı Qüvvələrimiz birtərəfli qaydada hərbi əməliyyatı dayandırıb, bununla da Azərbaycan xalqının sülhsevər olduğunu bir daha təsdiqləyib.

Buna baxmayaraq, Ermənistan tərəfi provokasiyanı davam etdirir, "Artsax" deyilən yerlə sərhəd olan dinc qəsəbələrə və onların sakinlərinə atəş açır.

Əminik ki, Prezidentimiz, Milli Məclis, respublika hökuməti Dağlıq Qarabağ münaqişəsinin qısa müddətdə həll edilməsi üçün bütün imkanlardan istifadə edəcəklər. Münaqişənin davam etdirilməsi yolverilməzdir, çünki o, insan itkilərinə səbəb olur.

Ermənistan tərəfi, nəhayət, başa düşməlidir ki, işğalçı hərbi qüvvələr torpaqlarımızdan çıxarlmalıdır, Ermənistan rəhbərliyinin işğalçı siyasətinin perspektivi yoxdur. Azərbaycan Ordusunun erməni təcavüzünə verdiyi layiqli cavab Dağlıq Qarabağı Azərbaycandan ayırmaq xülyasına son qoydu. Biz, "Sodrujestvo" təşkilatının üzvləri tam əminik ki, respublikamızın ərazi bütövlüyü bərpa ediləcək və işğal altında olan rayonların sakinləri doğma yurdlarına qayıdacaqlar.

Azərbaycan Silahlı Qüvvələrinə eşq olsun, Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsi əbədi olaraq ürəyimizdə yaşayacaq!".