"İki sərkərdə, iki şair" adlı ədəbi-bədii kompozisiya keçirilib

7 Aprel 2016 21:24 (UTC+04:00)

Rəşid Behbudov adına Mahnı Teatrında Özbəkistanın Azərbaycandakı səfirliyi, Azərbaycan-Özbəkistan Dostluq Fondu və Azərbaycan Yaradıcılıq Fondunun birgə təşəbbüsü ilə Şah İsmayıl Xətainin və Zəhirəddin Məhəmməd Baburun həyat və yaradıcılığından bəhs edən "İki sərkərdə, iki şair" adlı ədəbi-bədii kompozisiya nümayiş olunub. SİA-nın verdiyi xəbərə görə, millət vəkilləri Hadı Rəcəbli, Fuad Muradov, Bahar Muradova, Şəmsəddin Hacıyev, ictimai-siyasi xadimlər və KİV nümayəndələri iştirak edib.

Çıxış edən Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyətinin sədri, millət vəkili Eldar İbrahimov iki ölkə arasındakı əlaqələrdən danışıb: "Azərbaycanla Özbəkistan arasında davam edən iqtisadi, siyasi, mədəni əlaqələr qədim tarixi ənənələrə dayanır. Həm Şah İsmayıl Xətainin, həm də Zəhirəddin Məhəmməd Baburun bu qardaşlıq, dostluq münasibətlərinin təməlinin qoyulmasında xidməti danılmazdır.

1501-ci ildə dövlət xadimi, sərkərdə Şah İsmayıl xətainin başçılığı altında yaradılan Azərbaycan Səfəvilər dövləti milli tariximizdə silinməz iz qoyub. Səfəvilərin rəhbərliyi ilə Azərbaycanın cənub və şimal torpaqları vahid dövlət tərkibində birləşib.

Eyni zamanda, XVI yüzillikdə digər bir türk sərkərdəsi, şairi, alimi və səltənət sahibi Zəhirəddin Məhəmməd Babur da eyni amal ilə yaşayıb, ölkəsinin vahid ad altında birləşməsi uğrunda xidmət edib.

Hər iki şəxsiyyət dövlətçilik ənənələrinin yaradıcılarıdır. Amma onların həmçinin, incə ruhlu qələm sahibi olduğunu da unutmamaq gərəkdir. Həm Şah İsmayıl Xətai, həm də Zəhirəddin Məhəmməd Babur özündən sonra divan ədəbiyyatına zəngin bədii irs buraxıb".

Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev çıxışında iki ölkənin tarixindəki oxşarlıqlara toxunub: "Özbəkistan və Azərbaycan Əmir Teymur, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Əlişir Nəvai, Nəsrəddin Tusi kimi görkəmli şəxsiyyətlərin bu günə qoyduqları mirasdır.

Hər iki ölkənin tarixinin belə zəngin və qədim olmasının səbəbkarlarından biri də Şah İsmayıl Xətai və Zəhirəddin Məhəmməd Baburdur. Belə ki, Azərbaycan-Özbək əlaqələrinin siyasi, diplomatik, elmi-mədəni tarixi ən qədim zamanlardan qaynaqlanmaqla, bu iki ictimai xadimin, ədibin, şairin qardaşlığından, dostluğundan bəhrələnib.

XVI əsrdə onların əsasını qoyduqları bu həmrəylik hələ də davam edir.

Bu gün müstəqil Özbəkistan Respublikası milli lider İslam Kərimovun rəhbərliyi altında uğurla inkişaf edir. Bu fikirləri müstəqil Azərbaycan Respublikasının qurulmasında böyük rolu olan Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyevin mütərəqqi siyasi fəaliyyətinə də aid etmək olar".

Çıxış edən Azərbaycan Yaradıcılıq Fondunun sədr müavini, "Sönməyən ulduzlar" Teatrının rəhbəri Rafiq Kaşanlı tədbirin mahiyyəti haqqında qısa məlumat verib: ""Sönməyən ulduzlar" Teatrının hazırladığı bu ədəbi-bədii kompozisiya XV-XVI əsrlərdə Səfəvilər dövləti və Babur İmperatorluğunun, iki türk dövlətinin sərkərdəsi və şairi olmuş böyük tarixi şəxsiyyətlərin həyatını, dostluğunu əks etdirir. Tamaşa sizi 500 il əvvəlki tarixi dövrə aparacaq və cərəyan edən hadisələrin şahidinə çevirəcək".

Sonra "İki sərkərdə, iki şair" tamaşası nümayiş olunub.

Qeyd edək ki, ədəbi-bədii kompozisiyanın ssenari müəllifi Bakı Musiqi Akademiyasının professoru Tərlan Quliyevdir. O, ədəbi materialı yazarkən akademik Ramiz Mehdiyevin tədqiqatlarına, Namiq Musalının "Şah İsmayıl hakimiyyəti" əsərinə və digər mənbələrə müraciət edib.

Tamaşada Şah İsmayıl Xətai obrazını teatrın aktyoru, əməkdar artist Rafiq İbrahimov, Zəhirəddin Məhəmməd Baburu isə Ağazadə Həsənov ifa edib. Kompozisiyanın rejissoru Yusif Əkbərdir.

Ədəbi-bədii kompozisiyada Azərbaycanın tanınmış muğam ifaçıları-xalq artisti Simarə İmanova, əməkdar artist Nuriyyə Hüseynovanın ifasında Şah İsmayıl Xətai və Zəhirəddin Məhəmməd Baburun qəzəlləri səsləndirilib.

Tədbir Müslüm Maqomayevin "Azərbaycan" mahnısının sədaları ilə başa çatıb.

Kubra Bayramova