QHT sədri: “Müharibədə biz də cəbhədə olacağıq” MÖVQE

7 Aprel 2016 19:27 (UTC+04:00)

"Aprelin 1-dən 2-ə keçən gecə işğalçı Ermənistan ordusu cəbhə xəttində növbəti təxribatlar törətdi. Azərbaycan Silahlı Qüvvələri düşmənin həmlələrinə layiqli cavab verdi. Cəbhə xəttində davam edən bir neçə günlük döyüşlərdə rəşadətli ordumuz ermənilərin işğalçı hərbi birləşmələrini darmadağın etdi və uzun illərdir işğalda saxladıqları Seyidsulan kəndini, Talış kəndi yaxınlığındakı strateji yüksəklikləri və Lələtəpə yüksəkliyini işğaldan azad etdi. Bu günlər ərzində Azərbaycan xalqının sanki qanı coşmuşdu, hər kəs döyüş və qələbə əzmində oldu. Bütün dünya Azərbaycan xalqının nə qədər vətənpərvər olduğunu, bir qarış da torpağını güzəştə getməyəcəyinə şahidlik etdi. Bu, Azərbaycanın çox mühüm uğurudur, sülh danışıqlarında mövqelərinin daha da güclənməsinə səbəb olan məsələdir". Bu açıqlamanı "XXI Əsrin Qadınları" İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova verib.

O deyib ki, QHT sektorunun fəal nümayəndəsi, bir Azərbaycan qadını olaraq son günlər ölkədə müşahidə olunan yüksək vətənpərvərlik əhval-ruhiyyəsi onu heyrətə gətirib: "Təsəvvür edin, şəhərdə maşınlar bayraqlara bürünüb, hər kəs könüllü olaraq cəbhəyə döyüşməyə getmək istəyir, xeyli insan hərbi komissarlıqlara müraciət edib. Düzdür, Azərbaycan tərəfi atəşkəs elan edib, amma cənab prezidentimiz, Ali Baş komandanımız İlham Əliyev də bildirdi ki, bu addım bir şərtlə atılır ki, ermənilər oturduqları yerdən tərpənməsinlər. Müdafiə Nazirliyi də bəyan edib ki, erməni təxribatları davam edərsə, müzəffər ordumuz buna layiqli cavablar verəcək. Hesab edirəm ki, bu atəşkəs bizim sülh danışıqlarında qələbəmiz üçün stimuldur. Əgər ermənilər bu dəfə də danışıqlar prosesini pozsalar, işğal etdikləri torpaqlarımızdan çıxıb getməsələr, sülhə gəlməsələr, ordumuz hər an ayaqdadır və biz öz torpaqlarımızı hər an hərbi yolla azad etməyə qadirik. Mənim diqqətimi çəkən və çox sevindirici bir hal da o oldu ki, cəbhədə baş verən döyüşlər zamanı Azərbaycan xalqı iqtidarlı-müxalifətli birgəlik nümayiş etdirdi və hər kəsi ancaq Qarabağ maraqlandırdığı bir daha isbat olundu".

M.Əmirhüseynova dedi ki, cəbhədə döyüşlər gedərkən Azərbaycan QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə ölkə QHT-ləri bir araya gələrək, Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevə və beynəlxalq təşkilatlara müraciətlər ünvanladı: "Mən bir QHT rəhbəri olaraq bəyan edirəm ki, dövlətçiliyimiz, Qarabağımız üçün canımdan keçməyə hazıram. Həmçinin, bəyan edirəm ki, əgər könüllülər hərəkatı başlayarsa, səfərbərlik olarsa, mən də bir fəal, vətənpərvər Azərbaycan vətəndaşı, xanımı kimi cəbhəyə getməyə qərarlıyam. Döyüşmək lazımdırsa döyüşməyə, tibb bacısı kimi xidmət göstərmək lazımdırsa o cür ordumuzun əsgərləri ilə çiyin-çiyinə olmağa hər an hazıram. Bizim ümumi bir amalımız var; Qarabağımız işğaldan azad olsun. Bunun üçün nə gərəkirsə biz edəcəyik".