Zarafat deyil, tam doğru olanı deyirəm. Ermənistanda yeni xiyar növü yetişdirilib, xiyar tarlasına Ermənistan prezidentinin iştirakı ilə baxış keçirilib və xiyara "Sarkisyan" adı verilib. Necə də bənzəyir, elə bil insan işi deyil e, Allahın qədəridir.
1992-ci ildə Zəngilan rayonunun icra başçısı olmuş Telman Kazımov Sarkisyan haqqında mənə o qədər maraqlı əhvalatlar danışıb ki, məncə, ermənilər xeyli gecikiblər, gərək xiyara onun adını çoxdan verəydilər. 1980-ci ildə Telman müəllimlə Sarkisyan Bakıda tələbə yoldaşı olublar, birlikdə komsomol məktəbində oxuyublar. Sabiq icra başçısı Ermənistan prezidentinin xarakterik cizgilərini təsvir etməyə başladı: "Üzündəkı qırışıqlar əvvəldən olub, olduqca yaltaq siması var idi. Müəllimlərə xüsusi tərzdə yanaşırdı, elə bir yazıq görkəm alırdı ki, adam utanırdı. Azərbaycan dilində çox təmiz danışırdı. Futbola marağı var idi, amma nədənsə futbol qəzetlərini alıb oxuya bilmirdi. Mənim əlimdə qəzet görən kimi yaltaqlanırdı, qəzeti istəyirdi, mən də verirdim ki, oxusun. Biz bir neçə ay birlikdə oxuduq. Onun arvadı həkim idi. Mən onun danışığından, simasından, hərəkətlərindən necə axmaq bir adam olduğunu əvvəldən anlamışdım. Hər kəsin ona münasibəti mənfi idi, çünki özünü apara bilmirdi, heç kəslə səmimi deyildi, üzündən əclaflıq yağırdı...". İstedadlı rəssam olsa bu təsvir əsasında Sarkisyanın portretini çəkə bilər.
Telman müəllimin maraqlı xatirələri var. Deyir ki, icra başçısı işlədiyim vaxtlarda hansısa məsələyə görə Əli Kərimlinin yanına getdim (Ə.Kərimli dövlət katibi vəzifəsində işləyirdi- S.F). Onun otağına girəndə gördüm ki, Fazil Mustafa da oturub stulda (F.Mustafa həmin vaxt Preizdent Aparatında hüquq şöbəsinin müdiri idi- S.F). Başlarını əllərinə söykəmişdilər, kefsiz oturmuşdular, çırtma vursan, qanları çıxardı. Nə üçün kefsiz olduqlarını soruşdum. Əli Kərimli cavab verdi ki, Rəhim Qazıyev deyir ki, sizi əsgərliyə aparacam. Deyir üstündən bir müddət keçəndən sonra Əbülfəz Elçibəyin (Ə.Elçibəy həmin vaxt Azərbaycanın prezidenti idi-S.F) yanında idim, bu vaxt İsgəndər Həmidov qapını açıb içəri girdi, məni görən kimi özündən çıxdı. Elçibəyin üstünə cumub qalstukundan tutub sıxdı: "Sənə demişdim ki, Telman Kazımovu vəzifədən çıxar, niyə çıxarmamısan...!?
Telman müəllim deyir ki, Elçibəyin qalstukunu İsgəndər Həmidovun əlindən güclə aldım, prezident boğulurdu: "Mən bir neçə gündən sonra eşitdim ki, Elçibəy cəbhəçilərə, müsavatçılara məni bir şərtlə icra başçısı vəzifəsindən çıxaracağını deyib. Gərək Zəngilanın bir neçə kəndi işğal olunsun sonra....". Dəhşətdir, vallah!
Açığı desəm, tarixdə Sarkisyan qədər sınan, alçalan ikinci bir dövlət rəhbəri olmayıb. Azərbaycan Ordusu bu adamın burnunu qırdı, hamı da üz döndərdi bu yeni növ xiyardan. Erməni dəyirmanına su tökənlər də qorxularından küncə sıxıldılar. Türkiyədə PKK-çı Səlahəttin Dəmirtaşın şərəfsiz simasına da bizim hörmətli deputatımız Qənirə xanım lazımı sözləri dedi. Tak çto, düşmən bütün istiqamətlər üzrə darmadığın edilib.
Yeri gəlmişkən, Əli Kərimlinin Türkiyənin "Halk televiziyası"na verdiyi müsahibəni dinləyin. Ermənilər Əli Kərimliyə istinad edərək Azərbaycanı ittiham etməyə başlayıblar. Ay Kərimli, Kərimli, çox demirəm e, bircə həftə ayıblarınızı gizlədə bilmədiniz!