Kolbasa sexində yararsız ət aşkarlanıb

7 Aprel 2016 19:13 (UTC+04:00)

Masazır kəndinin "Quşçuluq" yaşayış massivinin yaxınlığında yerləşən fiziki şəxs Sahib Böyükağa oğlu Şirinova məxsus kolbasa məmulatları istehsalı sexinin soyuducu kamerasında mənşəyi məlum olmayan, qida üçün yararlığı və orqanoleptik göstəriciləri şübhə doğuran, polietilen torbalarda sümüksüz heyvan ətləri, gigiyenik olmayan plastik vannalarda farş və müxtəlif toyuq əti məhsulları aşkar olunub. Kənd Təsərrüfatı Nazirliyi Dövlət Baytarlıq Nəzarət Xidmətindən SİA-ya verilən məlumata görə, aşkar edilmiş heyvan ətlərinin, farşın və toyuq ətlərinin mənşəyinə və sağlamlığına dair heç bir baytarlıq sənədləri (baytarlıq şəhadətnaməsi- forma 2, baytarlıq arayışı) olmayıb.

1000 kq-a yaxın sümüksüz ətlərin, farşın və toyuq məsullarının qida üçün yararlı olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək bakterioloji, biokimyəvi müayinələr üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Respublika Baytarlıq Laboratoriyasının ekspertizasına əsasən 10 nümunə farş, 3 nümunə toyuq əti, 10 nümunə sümüksüz heyvan əti, 15 nümunə toyuq məhsullarında bakterioloji çirklənmə (BÇQB, stafılakokkus, aureus) aşkar olunun. Biokimyəvi müayinələr (pH, peroksidaza və göydaş reaksiyaları) zamanı isə hər bir nümunənin keyfiyyətsiz və baytarlıq-sanitariya cəhətdən yararsız olması müəyyən edilib.

Müayinə edilən nümunələrin yararsız olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi nəzərə alınaraq onların zərərsizləşdirilməsinə dair qərar verilib.