“Mədəniyyət və gənclərimiz” mövzusunda ilk debatlar keçirilib FOTOLAR

7 Aprel 2016 18:22 (UTC+04:00)

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə Ucar rayon Heydər Əliyev Mərkəzində mədəniyyət işçiləri arasında ilk dəfə olaraq debatlar təşkil olunub. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, "Mədəniyyət və gənclərimiz" adlı debatlarda Ucar, Ağdaş, Göyçay, Zərdab və Kürdəmir rayonlarından olan 80 nəfərdən artıq mədəniyyət işçisi iştirak edib.

Tədbir Ucar rayon İcra Hakimiyyətinin humanitar məsələlər üzrə şöbə müdirinin müavini Məhəmməd Bayramov, Ucar rayon mədəniyyət və turizm şöbəsinin müdiri Alı Babayev, Göyçay rayon mədəniyyət və turizm şöbəsinin müdiri Sahib Şükürov, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev, şöbə müdirləri Sənan Talıbov, Məzahir Qarayev və Fərhad Abdulovun iştirakı ilə keçirilib.

Debatları giriş sözü ilə açan Mərkəzin şöbə müdiri Sənan Talıbov son günlər ölkəmizdə baş verən olaylara münasibət bildirərək torpaqlarımızın müdafiəsi uğrunda mübarizədə şücaət göstərərək şəhid olan hərbçi və vətəndaşlarımızın ruhunu bir dəqiqəlik sükutla yad edilməsinə dəvət edib.

Məzahir Qarayev isə gənc əməkdaşları öz bacarığının, potensialının, vətənə sevgisinin, fikirlərinin sərbəst şəkildə ifadə edilməsində, ilklərdən olmasında, tam şəkildə müzakirə apara bilməsində, vahid siyasətin həyata keçirilməsində, habelə sistemdə yaradıcı və təşəbbüskarlıq mühitinin dəstəklənməsində peşəkarlıq meyarlarının vacibliyini qeyd edib.

Ucar rayon mədəniyyət və turizm şöbəsinin müdiri Alı Babayev qonaqları salamlayaraq rayonda bu debatların təşkil edilməsinə görə, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin rəhbərliyinə öz təşəkkürlərini bildirib.

Mərkəzin direktoru Asif Usubəliyev mədəniyyət işçiləri arasında debatların keçirilməsinin zəruriliyini qeyd edərək gənclərin fikirlərini sərbəst şəkildə ifadə etməsində, hadisələrə adekvat qiymət vermək bacarığının formalaşmasında, habelə müxtəlif problemlərin həllində və əməkdaşlarda peşəkarlıq keyfiyyətlərinin artmasında açıq müzakirələrin təşkil olunmasının vacibliyini vurğulayıb.

"Mədəniyyət və gənclərimiz" mövzusunda keçirilən debat "Hərbi vətənpərvərlik", "Müasir mədəniyyət işçisinin peşəkarlıq meyarları" və "Mədəniyyətin turizmə inteqrasiyası" paneli üzrə keçirilib.

İştirakçıların fikrinə əsasən, pilot layihə kimi gənc mədəniyyət işçiləri arasında ilk dəfə keçirilən debatlar böyük maraq doğurub, onların peşəkar mütəxəssis kimi formalaşmasına öz töhfəsini verib.