Müsabiqəyə məqalələrin qəbulu davam edir

7 Aprel 2016 17:56 (UTC+04:00)

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) media nümayəndələrinin"Formula 1 Avropa Qran Prisi jurnalistlərin gözü ilə" adlı müsabiqəyə məqalə ilə müraciətlərini 15 aprel tarixinədək qəbul edəcək. Şirkətin mətbuat xidmətindən SİA-ya daxil olan məlumatda qeyd olunur ki, BŞH Azərbaycanda fəaliyyət göstərən Kütləvi İnformasiya Vasitələri nümayəndələrinə müraciət edərək onları qalan 10 günlük müddət ərzində müsabiqədə fəal iştiraka dəvət edir. Əməliyyat şirkəti bildirir ki, bu müsabiqə jurnalistlər üçün həm Formula 1 haqqında öz təəssüratlarını ölkə ictimaiyyəti ilə bölüşmək, həm də Azərbaycanda motor-idman mədəniyyətinə dair anlayışın yayılmasına töhfə vermək baxımından əvəzolunmaz fürsətdir.

Xatırladaq ki, qalibə bu ilin yayında Bakıda keçiriləcək Avropa Qran Prisinə aid 2 bilet veriləcək. İkinci yerə yiyələnmiş jurnalist əməliyyat şirkəti tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılacaq. Müsabiqənin ən yaxşı 5 məqaləsini yazan jurnalistlərə isə həvəsləndirici hədiyyə və sertifikatlar təqdim olunacaq.

Qeyd edək ki, əməliyyat şirkəti müsabiqənin qaliblərini aprelin 22-də elan edəcək. Müsabiqənin şərtləri ilə əlaqədar daha ətraflı məlumatı əməliyyat şirkətinin rəsmi saytından əldə edə bilərsiniz.