Qazaxıstan mediası Qarabağdan yazdı

6 Aprel 2016 16:50 (UTC+04:00)

"Son günlər Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verənləri Qazaxıstanın aparıcı kütləvi informasiya vasitələri kifayət qədər dolğun işıqlandırdılar. SİA-nın Qazaxıstan və Orta Asiya bürosunun verdiyi məlumata görə, onların yayımladıqları materiallarda Dağlıq Qarabağın ermənilər tərəfindən işğal olunduğu qeyd edilib.

Qazaxıstanın aparıcı tengrinyus.kz, baq.kz, caravan.kz exlusive.kz, info-tses.kz, 365info.kz saytlarında cəbhədəki son hadisələrə kifayət qədər ciddi və obyektiv yanaşılıb. Mətbuatda ö cümlədən, Liter.kz saytında da cəbhə xəttində baş verən hadisələrlə bağlı yayımlanan materiallarda baş verən hadisələr obyektiv işıqlandırılıb. Məsələn, baq.kz və 365info.kz saytının qazax və rus dillərində buraxılışında Azərbaycan ərazisində yaşayış obyektlərinin və məktəblərin dağıdılmasını əks etdirən fotolar verilməklə məqalələr dərc edilib. Portallarda işıqlandırılan materiallarda Ermənistan işğalçı ordusunun dinc əhalini güllə-baran etməsi önə çəkilib, Xarici işlər və Müdafiə nazirliklərinin bəyanatına geniş yer ayrılıb.

Baq.kz saytında qazax dilində "Dağlıq Qarabağ-Azərbaycanın ürəyi" adlı məqalədə isə münaqişənin tarixi, Azərbaycanın haqlı mövqeyi haqqında əsaslı analitik yazı oxucuların müzakirəsinə təqdim edilib. 7news.kz informasiya agentliyi qazax sosial şəbəkəçilərinin Azərbaycan xalqı ilə həmrəyliyin bir göstəricisi kimi Qazaxıstanlı facebook istifadəçilərinin Azərbaycan bayrağı ilə rənglənməsi xəbəri isə bu ölkədə, eləcə də təcavüzkar Ermənistanda böyük rezonans doğurub. Verilən məlumatlarda xüsusi olaraq bildirilib ki, Dağlıq Qarabağda Ermənistan və Azərbaycan hərbi qüvvələri arasında baş verən iri miqyaslı silahlı toqquşmalarda qazax xalqı Azərbaycana dəstək olmalıdır. "Biz Azərbaycanla birgəyik. Qardaşımız olan Azərbaycan xalqına qələbə arzulayırıq".

Bu ölkənin ən populyar analitik saytı olan ratel.kz və exlusive.kz saytlarında münaqişənin tarixi obyektiv göstərilməklə Ermənistanın haqsız tərəf kimi göstərilməsi xüsusilə qeyd edilməlidir. Burada Qazaxıstan Azərbaycanlıları Mədəni Mərkzələr İttifaqının sədri Vidadi Salahovun geniş müsahibəsi erməni icmasının ciddi narazılığına səbəb olub. İnformasiya portallarında vurğulanıb ki, Azərbaycan Silahlı Qüvvələri işğal edilmiş torpaqlarını güc yolu ilə geri qaytarmaq iqtidarında olduğunu bir daha nümayiş etdirdi.