Mübariz Əhmədoğlu: “Müharibəni gözləməyə heç 20 il vaxt lazım olmayacaq” MÜNASİBƏT

6 Aprel 2016 15:14 (UTC+04:00)

"Əgər ATƏT-in Minsk qrupunun həmsədrləri əvvəlki apardıqları fəaliyyətlərini yenə də davam etdirəcəklərsə, o zaman növbəti müharibəni gözləməyə heç 20 il vaxt lazım olmayacaq. Hətta deyərdim ki, nəinki 20 il, heç 20 gün də lazım olmayacaq". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu həmsədlərin regiona növbəti dəfə planlaşdırdıqları səfərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bütün bunların yenidən təkararlanması üçün həmsədrlər iş prinsiplərini dəyişməlidirlər: "Bir sözlə, onlar haqqa və beynəlxalq hüquqa söykənməlidirlər. Minsk qrupunun həmsədrləri Yenilənmiş Madrid prinsipləri ətrafında ortaya variantlar qoymalıdırlar. Yoxsa Ermənistana hər hansı bir şərait yaratmamalıdırlar. Onların regiona səfərindən sonra mövqelərinin, siyasətlərinin dəyişib-dəyişməməsi bəlli olacaq".

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri aprelin 7-də tam tərkibdə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisinə səfər edəcəklər. Minsk qrupunun həmsədrləri əvvəlcə Xankəndində separatçı rejimin rəhbəri Bakı Saakyanla görüşəcəklər.