Siyavuş Novruzov: “Həmsədrlər təcili qəti qərarlar qəbul etməlidir” AÇIQLAMA

6 Aprel 2016 14:47 (UTC+04:00)

"Ermənistan-Azərbaycan təmas xəttində Azərbaycan ordusu bir daha öz gücünü nümayiş etdirdi. Ordumuz göstərdi ki, Azərbaycan dövləti sülhə sadiqdir və heç zaman atəşkəsi pozmayıb". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

YAP İcra katibinin müavininin sözlərinə görə, 24 ildən artıqdır ki, atəşkəs Ermənistan tərəfindən pozulur: "Son bir ildə də demək olar ki, bu mütəmadi xarakter daşıyırdı. Azərbaycan ərazisi hər gün atəşə məruz qalırdı. Nəinki işğal olunmuş bölgələr, o cümlədən dinc sakinlərin yaşadığı ərazilər, onların təsərrüfatları sərhədyanı bölgələr mütəmadi olaraq erməni hərbiçiləri tərəfindən atəşə tutulurdu. Nəticə etibarilə əhalinin həm əmlakına, mal-qarasına, təsərrüfatına, həm də özünə ziyan dəyirdi. Bu baxımdan da Azərbaycan Ermənistan tərəfindən son təxribatın qarşısını da qətiyyətlər alaraq kifayət qədər düşmənin canlı qüvvəsini, texnikasını, müxtəlif məntəqələrini darmadağın edərək öz gücünü bir daha nümayiş etdirdi. Paralel olaraq beynəlxalq təşkilatlara da bir mesaj verdi ki, dondurulmuş münaqişə sülh demək deyil".

S.Novruzov bildirib ki, beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupunun həmsədrləri bu məsələ ilə ciddi şəkildə və tezliklə məşğul olmalıdır ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunsun: "O baxımdan da bilavasitə bu məsələdə məsuliyyət daşıyan həmsədrlər, onların dövlətləri, nümayəndələri aktiv şəkildə üzərinə düşən vəzifəni yerinə yetirməlidirlər. Yəni Azərbaycan sülhə sadiqliyini bir daha nümayiş etdirdiyi kimi, sülh yolu ilə də bu məsələnin həll olunması başa çatdırılacaq. Əks təqdirdə Azərbaycan müharibə yolu ilə məsələni həll etmək qüdrətinə malikdir. Azərbaycan ordusu kifayət qədər güclüdür və çox güclü təchizatı var. Azərbaycanda iqtidarla-xalq bir yerdədir.

Son hadisələr də göstərdi ki, bütün Azərbaycan əhalisi ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, orduya dəstək oldular. Beləcə ordumuzun gücü, qüdrəti də birə-beş artdı. O baxımdan da hesab edirəm ki, həmsədrlər təcili qəti qərarlar qəbul etməlidir".

Millət vəkili ölkə müxalifətinin də Ermənistan-Azərbaycan təmas xəttində baş verən təxribatlar zamanı dövlətimizin yanında olmasına və birlik nümayiş etdirməsinə münasibət bildirib: "Ümumiyyətlə ümummilli məsələlər olduğu halda Azərbaycan cəmiyyətinin bütün təbəqələri ölkəmizin işğal altında olan torpaqlarının azad olunmasında həmfikirdirlər".