Nazirlik 270 minə yaxın arayış verib

6 Aprel 2016 11:24 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) "İş yerinə dair arayış" elektron xidməti vasitəsilə 270 minə yaxın arayış verilib. Bu barədə SİA-ya Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

ƏƏSMN-nin "İş yerinə dair arayış" elektron xidmətindən istifadədə artım dinamikası cari ildə də davam edib. Bu ilin mart ayında "İş yerinə dair arayış" e-xidmətindən faydalanan şəxslərin sayı yanvar ayı ilə müqayisədə 15,7 faiz, fevral ayı ilə müqayisədə isə 4 faiz artaraq 15348-ə çatıb.

Vətəndaş öz iş yerinə dair elektron formada arayış əldə etmək üçün "Elektron Hökumət" portalında "Elektron arayışlar" bölməsinə daxil olaraq, müvafiq e-xidməti seçir. Daha sonra öz seçiminə uyğun autentifikasiya vasitəsindən istifadə etməklə iş yerinə dair arayışı avtomatik şəraitdə formalaşdırır. İstifadəçi bu e-arayışları elektron şəkildə aidiyyatı təşkilatlara göndərə və ya çap edərək kağız şəklində də təqdim edə bilər.

Arayışın təqdim olunduğu təşkilatlar həmin sənəddə əksini tapan məlumatların düzgünlüyünü yoxlamaq imkanına malikdirlər. Bunun üçün arayışda qeyd olunan ştrix-kod vasitəsilə "E-hökumət" portalındakı "Portal üzərindən verilmiş arayışların yoxlanılması" xidmətindən istifadə olunur.

Respublikamızda kağız formasında arayışların elektron arayışlarla əvəzlənməsi prosesinin xeyli sürətlənməsinə səbəb olan "İş yerinə dair arayış" e-xidməti hazırda ölkədə mövcud olan 12 növ e-arayış xidməti sırasında xüsusi populyarlığı ilə seçilir. 2014-cü ilin dekabrında əhaliyə təqdim olunan bu e-xidmətdən 01 aprel tarixinə artıq 268809 dəfə istifadə qeydə alınıb.