Deputat: "Dünya ictimaiyyəti ermənilərin oyunlarından təngə gəlib" MÜNASİBƏT

6 Aprel 2016 10:37 (UTC+04:00)

"Son günlər Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan Respublikasının ərazilərində yerləşən təmas xəttində törətdikləri təxribatlarına ordumuzun şücaətlə verdiyi cavablar bir daha Azərbaycan əsgərinin gücünü göstərdi". Bu fikirləri SİA-ya Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat qeyd edib ki, Azərbaycan ordusu 90-cı illərin ordusu deyil, Azərbaycan ordusunun gücü bu gün bütün dünyaya bəllidir: "Ordumuz ən müasir silahlarla təchiz olunub. Əsgərlərin döyüş qabiliyyəti və əhval ruhiyyəsi çox yüksəkdir. Hər bir Azərbaycan əsgəri bilir ki, biz haqq yolundayıq və bu yolda daim irəliləməliyik. Kiminsə ərazisini işğal etmirik. Biz öz torpaqlarımızı yad ünsürlərdən təmizləyirik və haqq ədalətin bərpası yolundayıq. Bu gün dünya ictimaiyyəti də bu faktları görür, dərk edir və Azərbaycanın haqq səsinə səs verir. Çünki onlar da ermənilərin oyunlarından təngə gəliblər".

Azər Badamov Dağlıq Qarabağ münaqişəsinin həll olunmağının vaxtı olduğunu bildirib: "Son günlər cəbhə xəttində ordumuz ermənilərin bütün təxribatçı addımlarının qarşısını qəhrəmancasına alaraq düşmənə sarsıdıcı zərbələr endirib ki, bu da ərazilərimizin müəyyən qisminin işğaldan azad olunması ilə müşahidə edilib. Deyə bilərik ki, düşmən təşviş içindədir. Onlar Azərbaycan ordusunun belə gücə malik olduğunu heç təsəvvürlərinə belə gətirə bilməzdilər. Ordumuzdakı yüksək nizam intizam, döyüş əhval –ruhiyyəsi onu deməyə imkan verir ki, qələbəmiz uzaqda deyil, Qarabağ tezliklə işğaldan azad olunacaq".