Sizin bir əmriniz yetər, Cənab Prezident

5 Aprel 2016 19:35 (UTC+04:00)

Azərbaycan Ordusunun təmas xəttində qazandığı uğurlardan ruhlanan ölkə vətəndaşları, eləcə də yaxın-uzaq dost-qardaş xalqların nümayəndələri, xaricdə yaşayan soydaşlarımız Azərbaycan Respublikası Prezidentinin saytına təkliflərlə dolu məktublar ünvanlamaqda davam edirlər.

Biri-birindən maraqlı fikirlərlələ dolu olan bu məktublardan birini - ehtiyatda olan əsgər Anar Naibovun (Naxçıvan) ürək sözlərini oxuyuruq:

"Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev.

Son günlər cəbhədə baş verən hadisələr və hərbiçilərimizin qələbələri bizi sevindirir. Qüdrətli Ordumuzun düşmənlərimizə vurduğu sarsıdıcı zərbələrdən qürur hissi keçiririk. Biz özümüz cəbhədə olmasaq da, ürəyimiz oradadır. Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda vuruşmaq üçün Sizin əmrinizi gözləyirik".

Mingəçevir şəhərindən Səfərov Rövşən Məmməd oğlu yazır: "Cənab Ali Baş Komandan!

Azərbaycan xalqı Sizin əmrinizi gözləyir. Bu, tarixi bir şansdır. Torpaqlarımız tezliklə erməni işğalından azad edilməlidir. Millətimiz Sizin arxasınca gedərək, torpaqlarımızı azad etməyə hazırdır. Yetər ki, əmr verin, cənab Ali Baş Komandan!

Sizin qətiyyətli mövqeyiniz bizi qürurlandırır

Cavidan Məzahir oğlu Əliyevin (Lənkəran şəhəri, Boladı kəndi) Ali Baş Komandana ünvanladığı məktubdan: "Hörmətli cənab Prezident, cənab Ali Baş Komandan.

Ötən bir neçə gündə Ordumuzun erməni işğalçıları üzərində əldə etdiyi qələbələrdən çox təəssüratlandım. Bu zəfərlə bağlı çıxışınızı diqqətlə izlədik. Sizin qətiyyətli mövqeyiniz bizi qürurlandırır və biz gənclərdə ruh yüksəkliyi yaradır.

Möhtərəm cənab Prezident, torpaqlarımızın işğaldan azad olunması istiqamətində fəaliyyətinizi dəstəkləyir, bu yolda Sizinlə olduğumuzu bildirir. Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda döyüşməyə hər zaman hazırıq.

Bu qələbələr münasibətilə Sizi və xalqımızı bir daha təbrik edir, Sizə daha böyük hərbi zəfərlər arzulayırıq".

"Əmrinizi gözləyirik" fikri ilə məktub yazan Hüseynov Qəhrəman Məhəmməd oğlu (Füzuli rayonu, Qoçəhmədli kəndi) əlavə edir: "Hörmətli cənab Prezident!

Bu gün Siz Ali Baş Komandanın apardığı siyasəti dəstəkləyirik və ön cəbhəyə döyüşlərə getmək üçün Sizin əmrinizi gözləyirik. Bu qətiyyətlə, bu inamla biz qalib gələcəyik. Ulu Tanrı köməyiniz olsun".

"Siz ordumuza ruh yüksəkliyi verirsiz"

Ehtiyatda olan hərbçi Bəhramov Eldar Haqverdi oğlu (Ağdam rayonu): "Cənab Ali Baş Komandan!

İlk öncə Sizə öz minnətdarlığımı bildirirəm. Ehtiyatda olan döyüşçü kimi Qarabağda gedən bugünkü döyüşlərdə Azərbaycan Ordusunun ürək açan uğuruna sevinirəm və ordumuzun qələbəsinə inanıram. Cənab Ali Baş Komandan, mən də öz növbəmdə bir azərbaycanlı və bir qarabağlı kimi döyüşə tam hazır vəziyyətdə Sizin əmrinizi gözləyirəm. 1993-cü ildə Ağdamda gedən döyüşlərdə könüllü vuruşmuşam və yenə də tam hazıram. Vətən uğrunda döyüşməyə və Vətən yolunda canımdan keçməyə hazıram.

Cənab Ali Baş Komandan, yaxşı ki, varsınız və Siz ordumuza ruh yüksəkliyi verirsiz. İnsallah Azərbaycan bayrağı Qarabağda - Ağdam, Şuşa, Xankəndi və digər rayonlarımızda dalğalanar. Mən fəxr edirəm ki, belə gözəl vətənimin belə gözəl əsgəri və əsgərimin başında belə qeyrətli Ali Baş Komandan var. Bir daha Sizə təşəkkürümü bildirirəm, şəhitlərimizə Allah rəhmət eləsin, ailələrinə səbr versin, yaralılara da Allahdan şəfa diləyirəm".

Qardaş Türkiyənin baş kəndi Ankaradan Ongun Nalan Muhiddin qızı yazır: "Hörmətli Prezidentimiz.

Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısını alınması ilə bağlı aparılan əməliyyatlarda azərbaycanlı qardaşlarımızın şəhid olması xəbərini Ongun ailəsi olaraq dərin kədər hissi ilə aldıq. Qardaşlarımızın şəhid olmasından mütəəssir olduğumuzu və bu kədərinizə şərik olduğumuzu Sizə bildirmək istəyirəm. Şəhid qardaşlarımıza Allahdan rəhmət, Sizə və bütün Azərbaycan xalqına başsağlığı diləyirəm.

"Kəlbəcərlilər Sizin əmrinizi gözləyir"

Gəncədən Məmmədov İlham Yadigar oğlunun qeydlərini oxuyuruq: "Hörmətli cənab Prezident, Ali Baş Komandan.

Sizə uzun ömür cansağlığı arzulayiram. Sizin rəhbərliyinizlə Ordumuz böyük igidlik göstərib mənfur erməniləri pis vəziyyətə saldı. Siz Azərbaycan xalqının layiqli Prezidentisiniz. Mənim 50 yaşım olmasına baxmayaraq, Sizin əmrinizi gözləyirəm, hər an cəbhə bölgəsində döyüşməyə hazıram. Allahdan Vətən uğrunda şəhid olanlara rəhmət diləyirəm. Allah Sizi qorusun Ali Baş Komandan. Mən və bütün Kəlbəcərlilər Sizin əmrinizi gözləyirik".

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindən soydaşımız Cavid Raci oğlu Nəsirli əmr verilərsə son damla qanına qədər vuruşacağını yazır: "Cəbhədəki uğurlu addımlara görə Sizi və öz xalqımı təbrik edirəm! Mən Rusiyada Qarabağ döyüşlərinin hər anını izləyir və ordumuza dua edirəm. Sankt-Peterburqda yaşayan həmvətənlərim adından səfərbərlik elan etməyinizi, Vətənimiz, Üç rəngli bayrağımız üçün son damla qanımıza qədər vuruşmaq istədiyimizi bildiririk. Bu həmrəyliyin qarşısında düşmən dayana bilməz".

Türkiyənin İstanbul şəhərindən Balioğlu Mehmet Ali oğlu "Biz hər zaman yanınızdayıq" deyə qeyd edir: "Hörmətli Prezidentim İlham Əliyev.

Cəbhəboyu zonada həyata keçirilən əməliyyatlar zamanı şəhid olan qardaşlarımızla əlaqədar Sizə və Azərbaycan xalqına başsağlığı verirəm.

Çox xoşbəxtəm ki, İstanbulda mərhum atanız, ulu öndər Heydər Əliyevin əlini öpmək və Azərbaycana gəldiyim zaman məzarını ziyarət etmək mənə də nəsib olub.

Sizin apardığınız mübarizə mənim, bütün Türkiyə vətəndaşlarının mübarizəsidir. Biz hər zaman yanınızdayıq və Azərbaycandan olan qardaşlarımızla çiyin-çiyinə döyüşmək üçün əmrinizi gözləyirik".

Saatlı rayonundan Kərimov Fərman Ramiz oğlu yazır: "Cənab Prezident, 32 yaşım var, subayam, Vətənimizin uğrunda canımla, qanımla vuruşub torpaqlarımızı erməni işğalçılarından xilas etməyə hazıram. Xahiş edirəm atəşkəs elan olunana qədər könüllü surətdə vuruşmaq üçün səfərbər olmağıma köməklik göstərilməsinə sərəncam verəsiniz. Torpaqlarımızın azad edilməsi uğrunda canını vermiş şəhidlərimizə Allah rəhmət eləsin. Vətənim Azərbaycan sağ olsun!".

Rusiyanın Tolyatti şəhərindən Yaşar Cahangir oğlu Məhərrəmovun göndərdiyi məktubda oxuyuruq: "Hörmətli İlham Heydər oğlu.

Vətənimizin ərazi bütövlüyünün bərpa olunmasına yönələn hərbi əməliyyatların başlanması ilə əlaqədar Sizə öz minnətdarlığımı bildirirəm. Milyonlarla həmvətənimiz bu qətiyyətli addımı gözləyirdi. Vətənimin müdafiəsində həm fiziki, həm də maddi cəhətdən fəal iştirak etməyə hazır olduğumu bildirirəm. Mən Sizinləyəm, mən Vətənimləyəm!".

"Allah Sizi, xalqımızı və Ordumuzu qorusun"

Qobustan rayonundan Həmid Məhəmməd oğlu Həmidli yazır: "Möhtərəm Prezident, cənab Ali Baş Komandan İlham Əliyev, bütün beynəlxalq təşkilatlar və dünya ictimaiyyəti bilir ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Nəinki Qarabağ, hətta hazırki Ermənistanın yerləşdiyi ərazi də Azərbaycana məxsus olub. Əfsuslar olsun ki, ölkəmizə qarşı tətbiq edilən iki standartlar nəticəsində indi ermənilər həmin torpaqlarda məskunlaşıblar.

Son günlər isə azğınlaşmış düşmən mülki obyektlərə atəş açmaqdan belə çəkinmir. Erməni təxribatlarının qarşısının alınması istiqamətində görülən tədbirlər nəticəsində baş verən döyüşlərdə əsgərlərimiz düşməni geriyə oturtmağa nail olublar. Ordumuz strateji yüksəklikləri azad etməklə döyüşlərdə üstünlüyü ələ keçirib.

Möhtərəm Prezident, bütün bunlar əlbəttə ki, Sizin ölkəmizdə ordu quruculuğu istiqamətində apardığınız düzgün siyasətin nəticəsidir. Biz də bu qələbələrdən sevinir və buna görə Sizə minnətdarlığımız bildiririk. Cəbhəyə getmək və Vətənimizin ərazi bütövlüyü uğrunda var qüvvəmizlə mübarizə aparmağa hazırıq.

Allah Sizi, xalqımızı və Ordumuzu qorusun".

"Ali Baş Komandanımın bir çağırışı bəs edər ki…"

Beyləqan rayonundan Zeynalov Anar Ədalət oğlu: "Dövlətimizin əvəzolunmaz rəhbəri, möhtərəm cənab Prezidentimiz, qüdrətli Ali Baş Komandanımız İlham Heydər oğlu Əliyev.

Zeynalovlar ailəsi olaraq ulu öndər Heydər Əliyevə və Sizə daim yüksək etimad bəsləmişik. Son günlərdə işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad edən, xalqın əfsanəvi xilaskarına çevrilən möhtərəm cənab Prezidentimizlə, Ali Baş Komandanımızla daha çox fəxr edirik, onun qürurverici addımlarını dəstəkləyirik.

Mənə, Zeynalov Anar Ədalət oğluna, II qrup əlil olmağıma baxmayaraq, Ali Baş Komandanımın bir çağırışı bəs edər ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin tərkibinə qatılaraq torpaqlarımızın azadlığı uğrunda döyüşə qoşulum. Xalqımın əfsanəvi qəhrəmanı olan möhtərəm cənab Prezidentimin, Ali Baş Komandanımın ətrafında hər an müsəlləh əsgərəm.

Uca Tanrıdan möhtərəm cənab Prezidentimə, Ali Baş Komandanıma, İlham Heydər oğlu Əliyev cənablarına uzun ömür, cansağlığı arzulayıram".

Rusiya Federasiyasının Nijni Novqorod şəhərindən həmyerlimiz Əliyev Elxan Sabir oğlu Azərbaycana fıravan həyat arzulayır: "Salam cənab Prezident. Bu qələbə münasibətilə Sizi təbrik edirəm. Arzu edirəm Qarabağımızı tezliklə geri qaytaraq və ölkəmiz həmişə fıravan yaşasın. Allah şəhidlərimizə rəhmət eləsin. Sizə də səbir diləyirəm. Allah bizi bu bədnam qonşularımızın məkrli niyyətindən hifz etsin. Amin!".

Dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan diasporunun gənc nümayəndələrindən

Cənab Ali Baş Komandan.

Azərbaycandan kənarda yaşayan yüz minlərlə həmvətənimiz erməni təxribatının qarşısının alınması, əhalinin təhlükəsizliyinin qorunması məqsədilə Azərbaycan Respubilkasının Silahlı Qüvvələri tərəfindən görülən cavab tədbirlərini dəstəkləyir, qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı strateji əhəmiyyətə malik bir neçə yüksəklik və tarixi yaşayış məntəqələrimizin düşməndən tam azad olunması xəbərinə sevinir, döyüş tapşırığını yerinə yetirərkən şəhid olan əsgərlərimizə Allahdan rəhmət, yaralılara isə şəfa diləyir.

Cənab Ali Baş Komandan, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Sizin uğurla davam etdirdiyiniz siyasətin nəticəsidir ki, bu gün güclü Azərbaycan dövləti xaricdə yaşayan hər bir soydaşımızın qürur mənbəyidir. Vətənimizin ayrılmaz hissəsi olan tarixi Qarabağ torpaqlarımızın işğalçı Ermənistan ordusundan təmizlənməsi naminə biz - xaricdə təşkilatlanmış azərbaycanlı gənclər qeyd etmək istəyirik ki, bu şərəfli və tarixi gündə doğma Vətəndə yaşayan soydaşlarımızın yanındayıq. Bu amalla yaşayır, Sizin əmrinizi gözləyərək Qarabağ torpaqlarının işğaldan azad edilməsi uğrunda mübarizə aparan Azərbaycan Silahlı Qüvvələrinin sıralarına qatılmağa hazırıq. Ulu Tanrı xalqımıza yeni-yeni qələbələr nəsib etsin.

Dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan diasporunun gənc nümayəndələri adından Zati-alinizə dərin hörmətlə,

Səfərli İbrahim, Azərbaycan-Macarıstan Gənclər Birliyinin sədri

Hacıyev İqbal, Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının sədri

Səlimov Amil, Latviya "AZERİ" Gənclər Birliyinin sədri

Qurbanov Mahir, "Azərbaycan-Latın Amerika Gənclərinin Dostluğu" İctimai Birliyinin sədri

Allahverdili Toğrul, Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Rusiya Federasiyasındakı nümayəndəsi

Elxanoğlu Xəzri, Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Ukraynadakı nümayəndəsi

Əliyeva Nərgiz, Gürcüstan Azərbaycan Mədəniyyət Mərkəzi Gənclər Təşkilatının rəhbəri

Fətəliyeva Mirvari, Paris "Azərbaycan Evi"nin rəhbəri

Niftaliyev Ramil, Misir Azərbaycan Diaspor Təşkilatının sədri

Şahbazlı Tural, Kahramanmaraş-Azərbaycan Təhsil, Mədəniyyət və Həmrəylik Mərkəzinin sədri

Tağıyev Şamil, Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibah Fondunun (Moskva) sədri

Əliyev Əbdül, Çex-Azərbaycan Mədəniyyət Mərkəzinin sədri

Rixter Elnur, Almaniya Azərbaycan Gənclər Birliyinin sədri

Bədirli Rəşad, Azərbaycan-Şimali Kipr Gəncləri Birliyinin icraçı rəhbəri

Nəbizadə Zakir, Sankt-Peterburq Azərbaycanlı Gənclər Birliyinin sədri

İsmayılov Zülfiqar, Azərbaycanlı Gənclərin Beynəlxalq Alyansının icraçı rəhbəri

Süleymanlı Ləman, Kasyeri Azərbaycanlı Gənclər Toplumunun rəhbəri

Mehdiyeva Məryəm, İtaliya Azərbaycan Gənclər Birliyinin vitse-prezidenti

İsgəndərov Elmar, İndoneziya Azərbaycan Gənclər Mərkəzinin rəhbəri

Əhməd Nail, Polşa Azərbaycan Gənclər Birliyinin sədri

Abbasov Azər, Azərbaycan-Latviya Dostluq Birliyinin rəhbəri

Şafadiyev Orxan, Almaniya Dağ Yəhudiləri İcmasının Gənclər rəhbəri

Cahandar Ertuğrul, Dünya Azərbaycanlıları Konqresi Türkiyə Gənclər nümayəndəliyinin rəhbəri

Şirinov Tural, Estoniya Azərbaycanlı Gəncləri Təşkilatının nümayəndəsi

Nəsibova Firuzə, Aktau Azərbaycan Gənclər Birliyinin rəhbəri

Zakiroğlu Ehtiram, Qırğızıstan Manas Universiteti Azərbaycanlı Tələbə Birliyinin rəhbəri.