Mingəçevir Teatrında şəhidlərimiz yad edildi FOTOLAR

5 Aprel 2016 17:55 (UTC+04:00)

Mingəçevir Dövlət Dram Mingəçevir şəhər Mədəniyyət və Turizm şöbəsi ilə birgə son günlər cəbhə bölgəsində baş verən hadisələrlə bağlı tədbir keçirib. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, tədbirdə mədəniyyət sahəsində çalışan insanlar, həmçinin, şəhər icra hakimiyyətinin nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Mingəçevir Dövlət Dram Teatrının direktoru Səxavət Məmmədov bildirib ki, son günlər cəbhədə qazanılan uğurlar hər bir vətəndaşımızın qəlbində sevinc hissi yaradır. Xalqımızın birliyi, Ali Baş Komandanın ətrafında sıx birləşərək hər kəsin qələbə əzminə köklənməsi, biz- teatr adamlarını da çox sevindirir. Çıxış edən xalq artisti Zülfüqar Abbasov, teatrın baş rejissoru Xəzər Gəncəli, əməkdar artist, milli qəhrəman atası Akif Mirabov, əməkdar artist Ella Yaqubova və Mingəçevir Dövlət Dram Teatrının direktor müavini Vüsal Məmmədov xalqımıza daha böyük qələbələr arzu edərək, bütün mədəniyyət sahəsində çalışan hər bir vətəndaşın ölkə başçısının qətiyyətli addımlarını dəstəklədiklərini və onun bir əmri ilə hər zaman səngərlərdə şücayətlə döyüşməyə hazır olduqlarını dilə gətiriblər.