Opera və Balet Teatrında ölkədəki hərbi vəziyyət müzakirə olunub

5 Aprel 2016 17:45 (UTC+04:00)

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yaradıcı kollektivində Qarabağdakı hərbi əməliyyatlarla əlaqədar yığıncaqlar keçirilib. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, yığıncaqlarda teatrda çalışan görkəmli mədəniyyət xadimləri – Azərbaycanın xalq artistləri – Cavanşir Cəfərov, Kamilla Hüseynova, Mənsum İbrahimov, əməkdar artistlər Yuri Lobaçov, Əkrəm Poladov, Fərid Əliyev, əməkdar incəsənət xadimləri Sevil Hacıyeva, Hafiz Quliyev çıxış edərək, bildiriblər ki, erməni hərbi birləşmələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması haqqında BMT-nin 4 qətnaməsinin qəbul edilməsinə baxmayaraq, Ermənistan uzun illər boyu bu qərarları yerinə yetirməyərək, sərhədyanı Azərbaycan rayonlarında yaşayan dinc əhaliyə atəş açmaqda davam edib.

Konflikti dinc yolla həll etməyə çalışan respublika rəhbərliyinin sülhsevər siyasətinə qarşı erməni tərəfi hər zaman provokasiyalarla cavab verib, müxtəlif beynəlxalq təşkilatların münaqişənin aradan qaldırılması ilə bağlı ağıllı təklif və təşəbbüslərini azğınlıqla qulaq ardına vurub.

Bütün bu hərəkətlər Azərbaycan tərəfindən tez və ya gec cəzalanmalı idi. Cəbhənin bütün istiqamətlərində aparılan qızğın döyüşlər nəticəsində Azərbaycan ordusu bir sıra strateji vacib yüksəklikləri ələ keçirməyə, düşmənin xeyli sayda canlı qüvvə və hərbi texnikasını sıradan çıxarmağa nail olub.

Teatrın nümayəndələri öz çıxışlarında Azərbaycan ordusunun hərbi əməliyyatlarını dəstəklədiklərini, yaradıcı kollektivlərdə yüksək vətənpərvərlik ruhunun hökm sürdüyünü və Ali Baş komandanın, Azərbaycan Prezidenti cənab İlham Əliyevin əmri ilə ehtiyac olarsa, könüllü surətdə cəbhəyə yollanmağa hazır olduqlarını bildiriblər. Mədəniyyət xadimləri Azərbaycanın ərazi bütövlüyü bərpa olunandan sonra qarabağlıların əcdadlarının doğma torpaqlarına qayidacağına inam hisslərini ifadə ediblər.

Qeyd edək ki, çıxış edənlər xüsusilə bildiriblər ki, Qarabağ Azərbaycan mədəniyyətinin beşiyidir və bu torpağa məhəbbət hamı üçün müqəddəs bir hissdir.