Büdcə artıqlığı yaranıb

5 Aprel 2016 15:58 (UTC+04:00)

Bu ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 3678,1 milyon manat, xərcləri 2623,5 milyon manat olub və 1054,6 milyon manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb. Maliyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, birinci rübdə dövlət büdcəsinin mədaxili 3570,6 milyon manat proqnoza qarşı 3678,1 milyon manat və yaxud 3,0 faiz çox olub. Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 101,4 faiz icra edilməklə dövlət büdcəsinə 1542,0 milyon manat vəsait təmin edilib. Həmin vəsaitin 78,5 faizi və yaxud 1210,7 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2015-ci ilin müvafiq dövrünə nisbətən 9,0 faiz-bənd çoxdur.

Yanvar-mart aylarında Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi proqnoza 114,8 faiz əməl edərək büdcəyə 416,9 milyon manat vəsait təmin edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,9 faiz və yaxud 74,9 milyon manat çoxdur. Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 47,5 milyon manat təşkil edib. Sair daxilolmalar üzrə büdcəyə 11,7 milyon manat vəsait daxil olub. Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 1660,0 milyon manat vəsait transfert edilib.

Dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 73,3 faiz və yaxud 2623,5 milyon manat icra olunub. İqtisadi təsnifata uyğun olaraq, cari ilin ilk üç ayında dövlət büdcəsi xərclərinin 54,4 faizi və yaxud 1426,7 milyon manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz və yaxud 52,0 milyon manat çoxdur.

Cari ilin birinci rübündə dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 16,0 milyon manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 153,4 milyon manat, o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə dövlət büdcəsinin dövlət əsaslı qoyuluşu xərclərindən 4,8 milyon manat vəsait yönəldilib.

İlin ilk üç ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib. Dövlət büdcəsində 1054,6 milyon manat büdcə artıqlığı (profisit) yaranıb.

Birinci rübdə icmal büdcənin gəlirləri 4473,2 milyon manat, icmal büdcənin xərcləri isə 3348,3 milyon manat icra olunub. İcmal büdcənin artıqlığı 1124,9 milyon manat təşkil edib.