Bilik Fondu Xəzər Universitetinə kitab təqdim etdi FOTO

5 Aprel 2016 15:12 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Xəzər Universitetində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin "Azərbaycan multikulturalizminin qaynaqları" seriyasından Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin elmi redaktorluğu ilə nəşr etdiyi "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" kitabının təqdimatı keçirilib.

Bilik Fondundan SİA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan rektor, fəlsəfə doktoru Həsən Niknafs "Multikulturalizm ili"ndə xalqın həyat tərzinə çevrilmiş və dövlət siyasəti kimi qəbul edilən çoxmədəniyyətliliyin tədqiqi və təbliğinin müasir dövrdə mühüm əhəmiyyət kəsb etdiyini və Bilik Fondunun bu istiqamətdəki fəaliyyətini yüksək dəyərləndirdiyini qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Fondun həyata keçirdiyi layihələr barədə məlumat verərək, 2016-cı ilin "Multikulturalizm ili" elan edilməsinə dair ölkə rəhbəri tərəfindən təsdiqlənmiş Tədbirlər Planının icrası ilə bağlı Fondun qarşısında duran vəzifələr, universitet müəllimlərinin lektoriyalarda və tələbələrin layihələrdə iştirakı imkanlarından söz açıb.

Azərbaycan Milli Elmlər Akademiyası İ.Nəsimi adına Dilçilik İnstitutunun direktoru vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" kitabını auditoriyaya təqdim edərək, nəşrin xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanmasında, əsrlər boyu milli ədəbiyyatımızda dolğun əksini tapmış çoxmədəniyyətlilik prinsiplərinin geniş təbliğ olunmasında mühüm rol oynayacağına əmin olduğunu bildirib.

Auditoriyanın suallarını cavablandıran qonaqlar "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" kitabını universitet kitabxanasına hədiyyə ediblər.