Əbülfəs Qarayev Qətərdə səfərdədir FOTOLAR

5 Aprel 2016 13:33 (UTC+04:00)

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası və Körfəz ölkələri arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi və intensivləşdirilməsi məqsədilə Qətər Dövlətinin Doha şəhərinə səfər edib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, səfər zamanı Azərbaycanın turizm potensialının təqdimatı keçirilib və buna həsr olunan mətbuat konfransı təşkil edilib. Təqdimatda Azərbaycan turizm imkanları nümayiş olunub, sağlamlıq, ovçuluq, qış turizm növləri ilə bağlı çap məhsulları paylanıb və reklam çarxları göstərilib.

Nazir Əbülfəs Qarayev çıxışı zamanı qeyd edib ki, ölkəmiz Körfəz ölkələrindən gələn turistlərin sayının artmasında maraqlıdır və hər kəsi Azərbaycana dəvət edir.

Tədbirdən sonra Qətərin İslam muzeyi ilə tanışlıq keçirilib, Qacarlara həsr olunmuş sərgi nümayiş olunub.

Azərbaycan Respublikası və Körfəz ölkələri arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə mədəniyyətin və turizmin təbliği, təşviqi Nazirliyin həyata keçirdiyi prioritet istiqamətlərdəndir.

Qeyd edək ki, bu istiqamətdə 2011-ci ildən Mədəniyyət və Turizm Nazirliyi ilə "Atlantis Holidays" şirkəti arasında müqavilə bağlanıb və müqaviləyə əsasən, Körfəz ölkələrində Azərbaycanın turizm potensialı təbliğ edilir. Bununla yanaşı, həmin ölkələrin vətəndaşlarının viza rəsmiləşdirilməsi cari ildən etibarən, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında sadələşdirilmiş şəkildə həyata keçirilməyə başlanıb. Bu da Körfəz ölkələrindən Azərbaycana turist axınının artmasına səbəb olub.

Həmçinin, səfər zamanı Körfəz ölkələri ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün Qətər Dövlətinin Doha şəhərində mədəniyyət və turizm sahələrində qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirə olunması ilə əlaqədar ikitərəfli görüşlər də keçirilib.