Nazir: "Azərbaycan əsgərləri düşmənə layiqli cavab veriblər"

5 Aprel 2016 12:59 (UTC+04:00)

Gənclər və idman idarələrinin rəhbərləri üçün "Gənclər və idman idarələrinin fəaliyyətinin təkmilləşdirilməsi" mövzusunda seminar keçirilib. SİA-nın məlumatına görə, seminarda gənclər və idman naziri Azad Rəhimov, nazir müavinləri İntiqam Babayev, İsmayıl İsmayılov, idarə rəisləri və digərləri iştirak ediblər.

Tədbirdən öncə nazir Azad Rəhimov cəbhəyanı regionların idarə rəislərinə yaralılara və şəhid ailələrinə lazım olan dəstəyin göstərilməsi üçün onların rayonlara qayıtmasını daha məqsədəuyğun hesab edib. O qeyd edib ki, bununla bağlı idarələrin fəaliyyətində hər hansı çatışmazlıq yaranarsa, bu barədə dərhal nazirliyə müraciət etsinlər.

A.Rəhimov son günlər cəbhə bölgəsində vəziyyətin gərginləşdiyini, ölkəmizin növbəti dəfə ermənilərin hərbi provakasiyalarına məruz qaldığını qeyd edib. Bildirib ki, gedən şiddətli döyüşlərdə Azərbaycan əsgərləri böyük şücaət göstərərək düşmənə layiqli cavab veriblər: "Döyüşlərdə əsgər və zabitlərimiz yüksək peşəkarlıq, ruh yüksəkliyi nümayiş etdiriblər. Gedən döyüşlərdə zabit və əsgərlərimiz qəhrəmancasına şəhid olublar".

Tədbirdə şəhidlərimiz bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra nazir seminarın mövzusu ətrafında danışıb: "Hazırda ölkədə 35 gənclər evi/mərkəzi fəaliyyət göstərir, bir sıra rayon və şəhərlərdə olan "Gənclər ev"ləri artıq gənclərlə gündəlik və fəal iş aparmağa nail olub. Gənclər arasında sağlam həyat tərzi, fiziki aktivlik, mənfi vərdişlərin qarşısının alınması üçün keçirilən fəaliyyətlərin daha böyük təsirə malik olması üçün müxtəlif qrupların gözləntilərinin öyrənilməsi, adekvat tədbirlərin görülməsi hazırki mərhələnin vacib vəzifələrindəndir. Yerli idarələr gənclərin bilik, davranış, müxtəlif meyilləri haqqında ardıcıl olaraq məlumatları təhlil etməlidir".

Nazir əlavə edib ki, əldə olunan nailiyyətlər sayəsində regionlarda təlim və hazırlıq keçmiş idmançılarımızın xüsusi çəkisi artıb. Onun sözlərinə görə, hazırda 160 gənc nazirlik və onun strukturlarında dövlət qulluğu vəzifələrində çalışır.

Sonra nazir və nazir müavinləri idarə rəislərinin suallarını cavablandırıblar.

Qeyd edək ki, iki günlük seminarın keçirilməsində məqsəd rayon (şəhər) gənclər və idman idarələrinin fəaliyyətinin səmərəliliyini artırmaq, idarə rəhbərlərinin gənclərlə iş sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın yerlərdə effektiv icrasını təmin etməkdir.

Seminarda yerlərdə dövlət gənclər və idman siyasətinin həyata keçirilməsinin gücləndirilməsi, ölkənin ictimai-siyasi həyatında idarələrinin əsas vəzifələrinin müəyyən edilməsi, perspektiv və operativ planlaşdırmanın aparılması, qərarların icrasının səmərəliliyinin təmin edilməsi, idarələrin işinin daha da şəffaf qurulması, intizam tədbirlərinin gücləndirilməsi, vətəndaşlarla işin ədalətli qurulması və s. mövzular üzrə müzakirələr keçirilib və təlimatlar verilib.