Hüseyn Saraclı haqqında kitab işıq üzü görüb

5 Aprel 2016 10:42 (UTC+04:00)

"Elm və təhsil" nəşriyyatında Azərbaycan Aşıqlar Birliyinin (AAB) dəstəyi ilə XX əsr aşıq sənətimizin görkəmli nümayəndələrindən biri, Borçalı aşıq mühitinin yetirməsi, Gürcüstanın əməkdar mədəniyyət işçisi Hüseyn Saraclı haqqında kitab işıq üzü görüb.

AAB-dən SİA-ya verilən xəbərə görə, nəşrin redaktoru əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur. "Hüseyn Saraclı" kitabı aşığın 100 illiyinə töhfə olaraq, xalq şairi Zəlimxan Yaqubun məsləhəti ilə iki il bundan əvvəl çapa hazırlanıb.

Kitabda ustad aşığın şeirləri və dastan yaradıcılığından nümunələrlə yanaşı, onun haqqında müxtəlif illərdə dövri mətbuatda dərc edilmiş məqalələr, xatirə yazıları və ustada həsr olunmuş əsərlər də yer alıb. Nəşrdə Z.Yaqubun bir neçə il əvvəl böyük ustada həsr etdiyi "Hüseyn Saraclı dastanı" da verilib.