Fərid Şahbazlı: "Azərbaycan gəncliyi Ali Baş Komandanın əmrini gözləyir" AÇIQLAMA

4 Aprel 2016 18:04 (UTC+04:00)

"Azərbaycan ordusunun Ermənistan Silahlı Qüvvələrinin cəbhə xəttində həyata keçirdiyi təxribatlara verdiyi kəskin cavab və bir çox tarixi ərazilərimizin geri qaytarılması Azərbaycan gəncliyində yüksək əhval-ruhiyyə yaratmışdır. Azərbaycan gəncliyi düşmənə qarşı mübarizə üçün hər an Ali Baş Komandanın əmrini gözləyir". Bunu SİA-ya "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı son günlər cəbhə xəttində baş verən hadisələrə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın güclü və nizami ordusu düşmənin bütün təxribatlarına layiqli cavab verir və düşməni törətdiyi hər təxribata görə peşman edir. F.Şahbazlı qeyd edib ki, hərbi əməliyyatlar zamanı Azərbaycanın bir sıra tarixi ərazilərini geri qaytarması, yalnız sıravi deyil, general və polkovnik rütbəli erməni hərbiçilərinin məhv edilməsi Yerevanda təşviş yaradıb: "Ermənistanda indi hər kəs ölkədən necə qaçmaq haqqında düşünür. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusunun göstərdiyi rəşadət işğalçı ölkəni yasa bürüyüb. Ermənistan başa düşməlidir ki, Azərbaycanın işğal olunmuş torpaqları geri qaytarılmadığı təqdirdə, daha ağır zərbələrlə üzləşəcəklər".

F.Şahbazlının sözlərinə görə, bugün həm cəbhədə, həm də informasiya savaşında ön sıralarda olan Azərbaycan gəncliyinin bütün nümayəndələri Ali Baş Komandandan döyüş əmrini gözləyir: "Biz vətənimizin bütövlüyü uğrunda şəhid olan bütün əsgərlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirik".