Diaspora üzvlərindən Prezidentə müraciət Əmrinizi gözləyirik

4 Aprel 2016 17:49 (UTC+04:00)

Azərbaycan Slavyan gəncləri assosiasiyasının Rusiya nümayəndəliyi cəbhədə baş verən son hadisələrlə bağlı Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan xalqına müraciət ünvanlayıb. SİA-nın məlumatına görə, müraciətdə deyilir: "Cənab Ali Baş Komandan Moskvada və Rusiyanın digər şəhərlərində yaşayan və təhsil alan yüz minlərlə həmvətənimiz erməni təxribatının qarşısının alınması, əhalinin təhlükəsizliyinin qorunması məqsədilə Azərbaycan Respubilkasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilən cavab tədbirlərini dəstəyləyir, qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələrinin düşməndən tam azad olunması xəbərinə sevinir döyüş tapşırığını yerinə yetirərkən şəhid olan əsgərlərimizə Allahdan rəhmət yaralılara isə şəfa diləyirik Cənab Ali Baş Komandan!.

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və sizində uğurla davam etdirdiyiniz diaspor siyasətinin nəticəsidir ki, Rusiyada və ümumiyyətlə xaricdə yaşayan yüz minlərlə azərbaycanlı Dağlıq Qarabağın azad olunması istiqamətində apardığınız səyləri dəstəkləyir. Torpaqlarımızın geri qaytarılması hamımızın müqəddəs borcudur və bu işdə hər zaman Sizin yanınızdayıq. Əmin ola bilərsiniz ki, Azərbaycandan kənarda yaşamalarına baxmayaraq böyük bir diaspor ordusu Ali Baş Komandanının əmrini gözləyir".