Avropa Gimnastika İttifaqının bayrağı Azərbaycana təqdim olunub FOTO

4 Aprel 2016 17:38 (UTC+04:00)

İspaniyanın Valladolid şəhərində batut gimnastikası, tamblinq və ikili mini batut üzrə 25-ci Avropa çempionatı keçirilib. SİA-nın məlumatına görə, Azərbaycanı batut gimnastikası üzrə yarışlarda İlya Qrişunin, Oleq Piunov, Ruslan Ağamirov, Dmitriy Fedorovskiy və Sabina Zaytseva, tamblinq üzrə turnirdə Mixail Malkin və ikili mini batut üzrə yarışlarda isə Dmitriy Fedorovskiy təmsil ediblər.

İkili mini batut üzrə yarışlarda debüt çıxışımız ölkəyə bürünc medal qazandırıb. Hakimlərdən 74.100 xal toplayan Dmitriy Fedorovskiy fəxri kürsünün 3-cü pilləsinə yüksəlib. 1-ci və 2-ci yerləri isə Rusiya idmançıları öz aralarında bölüşdürüblər.

Təsnifat mərhələsinin nəticələrinə əsasən, Azərbaycanın batut gimnastikası üzrə təmsilçiləri ilk dəfə olaraq həm fərdi, həm də sinxron çıxışlarda finala - Avropanın 8 güclü gimnastları sırasına daxil ola biliblər. Nəticədə Oleq Piunov özünün ən yaxşı çıxışını (57.525) nümayiş etdirərək, fərdi çıxış proqramı üzrə yarışlarda 5-ci yeri qazanıb. Oleq sinxron cütlük tərkibində İlya Qrişuninlə birlikdə 7-ci yerdə qərarlaşıblar.

Mixail Malkin də ilk dəfə olaraq Avropa çempionatında tamblinq üzrə yarışlarda finala vəsiqə qazanaraq, 8-ci olub.

Bağlanış mərasimində batut gimnastikası üzrə 26-cı Avropa çempionatının 2018-ci ildə Bakıda keçirilməsi ilə əlaqədar Avropa Gimnastika İttifaqının (UEG) bayrağı Azərbaycana təqdim olunub. Bayrağı Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov qəbul edib.