ADU sosioloji-tədqiqat işi aparmaq məqsədi ilə sorğu anket keçirilib FOTO

4 Aprel 2016 15:52 (UTC+04:00)

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) "Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İctimai Birliyi tərəfindən universitetin altı nəfər tələbəsi diplomla mükafatlandırıldı. ADU-dan SİA-ya verilən məlumatına görə, öncə aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatı nəticəsində həlak olmuş hərbçilərimizin və mülki şəxslərin ruhu bir dəqiqəlik sükutla yad olundu.

ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov Dillər Universitetinin Respublikamızın ən öndə gedən və bütün ölkəyə açıq təhsil müəssisələrindən biri olduğunu bildirdi. O, ADU-da qış imtahan sessiyası ərzində 2 dəfə geniş mediatur keçirildiyini, ayrı-ayrı təşkilat nümayəndələrinin imtahanları izlədiyini sözlərinə əlavə etdi. Bu kimi silsilə görüşlərin hələ də davam etdiyini diqqətə çatdıran professor D. Yunusov Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycanın ali təhsil müəssisələri içərisində ilk dəfə olaraq ADU, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT əməkdaşlıq və məlumat şəbəkəsi, eləcə də "Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İctimai Birliyinin birgə təşkilatçılığı ilə ölkədə gedən proseslərin daha düzgün, obyektiv qiymətləndirilməsi üçün gələcəkdə ümumi işin keyfiyyətini artırmaq, təkmilləşdirmək, təhsil sistemində daha uğurlu islahatlara nail olmaq, fəaliyyəti səmərəli davam etdirmək və bu proseslərdə ictimai iştirakçılığı gücləndirmək məqsədi ilə sosioloji-tədqiqat işi həyata keçirildiyini söylədi. Sorğunun nəticələrinin bəlli olduğunu bildirən professor Dünyamin Yunusov universitetdə qonaq olan Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT əməkdaşlıq və məlumat şəbəkəsinin üzvü, Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı İctimai Birliyinin sədri Əhməd Abbasbəylini təqdim etdi, onu universitetdə görməkdən şad olduğunu bildirdi və nəticələrlə tanış etmək üçün sözü ona verdi.

Əhməd Abbasbəyli ADU-da olmaqdan məmnunluğunu dilə gətirdi. O, son dövrlər ölkədə baş verən proseslər, xüsusilə də cənab prezident İlham Əliyevin dəfələrlə ictimai iştirakçılığın vacibliyi haqqında fikir söyləməsi bir vətəndaş cəmiyyəti kimi onların da fəaliyyətinə stimul verdiyini söylədi. O, istənilən dövlət orqanının, xüsusilə də təhsil müəssisələrinin işində ictimai iştirakçılıq, şəffaflıq yüksək olduğu halda görülən işin effektivliyinin bir o qədər yüksək ola biləcəyini bildirdi. Əhməd Abbasbəyli bu kimi meyarları nəzərə alaraq ADU-da dəfələrlə imtahan və tədris prosesində iştirak edərək monitorinq təşkil etdiklərini, belə layihələrin davamı olaraq 12 sualdan ibarət sorğu anket keçirdiklərini iclas iştirakçılarının diqqətinə çatdırdı. ADU ilə illərə söykənən əməkdaşlıqdan söz açan Əhməd Abbasbəyli universitetin bu tip məsələlərlə digər təhsil ocaqlarına örnək olduğunu, onların ADU təcrübəsinə istinad edərək oxşar addımlar atdığını söylədi. Sorğunun məqsədinin universitetin real vəziyyətini öyrənmək və bunu ictimaiyyətə çatdırmaq olduğunu sözlərinə əlavə edən Əhməd Abbasbəyli anketin nəticələrinin artıq bəlli olması, həmçinin onun uğurla həyata keçirilməsi haqqında məlumat verdi. Əhməd Abbasbəyli anketdə iştirak edən tələbə respondentlərin kifayət qədər sərbəst düşüncəli, erudisiyalı və öz mövqeyini cəsarətlə ortaya qoya bilən tələbələr olmasından və onların tədris prosesində müəllimlərin peşəkar səviyyəsindən razı qaldıqlarından bəhs etdi. O, sorğu anket prosesinin baş tutmasında yaxından iştirak edən tələbələri stimullaşdırmaq məqsədi ilə universitetin Pedaqoji (ingilis dili-alman dili) fakültəsinin tələbələri Anara Məmmədova, Gilə Xəlilova, Dürrə Hacıyeva, Pedaqoji (ingilis dili-fransız dili) fakültəsinin tələbələri Nərmin Nəcəfzadə, Zəkiyyə Əliyeva, Filologiya və jurnalistika fakültəsinin tələbəsi Emil Məmmədovun "Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İctimai Birliyi tərəfindən diplomlarla təltif olunacağını söylədi.

Sonda Əhməd Abbasbəyli əməkdaşlıq və yaradılan şərait üçün rəhbərlik başda olmaqla ADU-nun prorektor, dekan və müəllim heyətinə təşəkkürünü bildirdi.

Xatırladaq ki, bütün tərəflərin münasibətinin öyrənilməsi və obyektiv nəticənin ortaya qoyulması məqsədi ilə keçirilən sorğu anket zamanı tələbələrin təhsilin səviyyəsi, biliklərin qiymətləndirilməsi, tədris prosesində və sessiya imtahanları zamanı şəffaflığın təmin olunması, ictimai iştirakçılıq, kənar müdaxilə, təzyiq, qərəzli yanaşma və qoyulan sualların proqrama aidiyyatının onları qane etməsi və ya etməməsi, müəllimin tədris etdiyi fənnə olan məsuliyyəti, onun tələbə biliklərini obyektiv və vaxtında qiymətləndirməsi prosesində, eyni zamanda tələbələrin hər hansı səbəbdən narazı qaldıqları hallarda şikayətləri ilə bağlı çıxarılan qərarın qərəzsizliyi, tədris prosesinin təkmilləşdirilməsi və burada şəffaflığın artırılması üçün hər hansı metod və formaların səmərəli sayılmasını ehtiva edən suallar cavablandırılıb.

Cins, kurs və ixtisas kriteriyalarına uyğun olaraq mütənasiblik qorunmaqla təsadüfi seçmə yolu ilə 600 nəfər respondentin cəlb edildiyi sorğu anketin ümumi nəticələrinə əsasən deyə bilərik ki, tələbələrin böyük əksəriyyəti ADU-da təhsilin səviyyəsindən, tədris prosesində və sessiya imtahanları zamanı mövcud olan şəffaflıqdan, imtahan suallarının mövzulara müvafiq formada hazırlanmasından razıdırlar. Respondentlərin yarıdan çoxu birmənalı olaraq müəllimlərin tədris etdiyi fənnə olan məsuliyyətindən, tələbənin biliklərinin obyektiv və vaxtında qiymətləndirməsindən, təhsil və ya imtahan prosesi zamanı narazı qaldıqları hallarda şikayətləri ilə bağlı çıxarılan qərarlardan razı qaldıqlarını bildiriblər.

Qeyd edək ki, universitetdə şəffaflığı artırmaq və bu prosesdə tələbələrin iştirakına imkan yaratmaq, onlara fikir və təklif irəli sürmələri üçün şərait yaratmaq məqsədi daşıyan sorğu anket zamanı tələbələr bu və ya başqa formada öz təkliflərini də bildiriblər.