Politoloq: “Belə birliyin yaranması ordumuza ruh yüksəkliyi verir” AÇIQLAMA

4 Aprel 2016 13:20 (UTC+04:00)

"Cəbhədə erməni tərəfinin həyata keçirdiyi təxribatlar və qüdrətli Azərbaycan ordusunun onlara vermiş olduğu layiqli cavablar bizi nə qədər qürurlandırırsa bir o qədər də bu günlərdə Azərbaycan cəmiyyətinin, bütün peşə sahiblərinin birliyi, dövlətimizin, ordumuzun yanında olması bizi bir o qədər sevindirir". Bunu SİA-ya politoloq Ramiz Alıyev deyib.

Onun sözlərinə görə, istər sosial şəbəkələrdə, istərsə də kütləvi informasiya vasitələrində (KİV) birlik nümayiş olundu və hər kəs özünü cənab Prezidentin, Ali Baş Komandanın əsgəri olaraq gördü: "Bu addımlar çox vacib məsələdir. Hesab edirəm ki, belə birliyin yaranması ordumuza ruh yüksəkliyi verir və onlar doğru olaraq düşünür ki, onların Ali Baş Komandanı qətiyyəti və siyasəti ilə bir çox dövlət başçılarına örnək ola biləcək lider cənab İlham Əliyev, arxasında isə əlli milyonluq Azərbaycanlı var".

R.Alıyev əlavə edib ki, cənab Prezidentin Təhlükəsizlik Şurasında səsləndirdiyi fikirlər xalqımızda bir əminlik, bir güvənc yaratdı ki, kimliyindən asılı olmayaraq hansı ölkənin əsgəri sərhəddə təxribatlar törədəcəksə layiqli və artıqlaması ilə cavabını alacaq: "Bir məqamı da xüsusilə vurğulamaq lazımdır ki, bir çox beynəlxalq təşkilatlar, xarici ölkə rəhbərləri və verdikləri bəyanatlarla Azərbaycanın haqlı olduğunu, Ermənistanın bir işğalçı olaraq Azərbaycan ərazilərini işğal etdiyini və işğala son qoyaraq əraziləri tərk etməli olduqlarını bəyan etdilər.

Eyni zamanda bizə dost, qardaş olan ölkələrin də dəstək göstərməklə bağlı təklifləri hər bir Azərbaycanlını sevindirməyə bilməz. Hər bir Azərbaycanlı dəstək olan dost, qardaş ölkələtə dəstəkləri üçün təşəkkür edir və daima dostluğa, qardaşlığa sadiq olan xalq olduğunu bildirir".