Rus Dram Teatrı festivala hazırlaşır

4 Aprel 2016 12:15 (UTC+04:00)

Sankt-Peterburqda MDB və Baltikyanı ölkələrinin rusdilli teatrlarının qatıldığı "Rusiyada görüşlər" adlı beynəlxalq teatr festivalı keçiriləcək. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, festivalın mükafatı SSRİ xalq artisti Kirill Lavrovun adını daşıyır.

Festivalın bədii rəhbəri Sergey Şub bildirib ki, bu ilki mərasim kosmosa ilk uçuşun 55 illiyinə həsr olunub. Bu hadisə açılış mərasimində, festivalın proqramına daxil edilən tamaşalarda və yaradıcılıq gecələrində də əks olunacaq. Belə ki, festival çərçivəsində müasir dramaturq Yevgeniy Unqardın eyniadlı pyesi əsasında səhnələşdirilən "Kosmonavtika günü" tamaşasının premyerası olacaq.

Ölkəmizi festivalda Səməd Vurğun adına Rus Dram Teatrının truppası Kalderonun pyesi əsasında rejissor Anna Potalovanın səhnələşdirdiyi "Sevgi ilə zarafat etməzlər" tamaşası ilə təmsil edəcək.

Qeyd edək ki, "Rusiyada görüşlər" teatr festivalı aprelin 8-nə kimi davam edəcək.

Bayramova Kubra