Asim Mollazadə: “Ermənistan bölgəni müharibəyə sürükləmək istəyir” AÇIQLAMA

4 Aprel 2016 11:18 (UTC+04:00)

"Ümumiyyətlə Ermənistan öz təxribatlarını bundan sonra da davam edəcək". Bunu SİA-ya millət vəkili Asim Mollazadə deyib.

Onun sözlərinə görə, rəsmi İrəvan öz işğalçılıq siyasətinə son qoymaq istəmir: "Beləcə təxribatlarının hər zaman olduğu kimi, yenə də davamı olacaq. Burada bir amil də ondan ibarətdir ki, Ermənistanın havadarları da rəsmi İrəvanı bu cür addımlara təhrik edir. Ermənistan sülh istiqamətində heç bir addım atmır. İşğalçı dövlət bugünkü status-kvonu saxlamaq istəyir.

Təbii ki, onlar ağır silahlardan istifadə edərək yenə də Azərbaycan kəndlərini atəşə tutacaqlar. Bu hallar bütün beynəlxalq təşkilatlara, dünyaya çatdırılsın ki, Ermənistan yenə də bölgəni müharibəyə sürükləmək istəyir".

Qeyd edək ki, aprelin 3-dən başlayaraq, Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttində birtərəfli qaydada düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini dayandırmasına baxmayaraq, Ermənistan tərəfi vəziyyəti gərginləşdirməkdə davam edir. Düşmən tərəfi itirilmiş mövqelərinin geri qaytarılması məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə hücum edir və təmas xəttinə yaxın olan yaşayış məntəqələrini intensiv surətdə atəşə tutur.

Ötən gün və gecə ərzində aparılan döyüşlərdə ermənilər canlı qüvvə və hərbi texnika sarıdan çoxsaylı itkilərə məruz qalıb. Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 3 hərbi qulluqçusu şəhid olub.